Oktyabrın 21-də Bakı Apellyasiya Məhkəməsi hakim Faiq Qəniyevin sədrliyi ilə ictimai fəal Nicat İbrahim barədə Nəsimi Rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbirindən verilən şikayəti təmin etməyib. Məhkəmə fəlalı həbsdə saxlayıb.
Bu barədə vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib.
Nicat İbrahim artıq 18 gündür “qanunsuz həbsinə” etiraz olaraq aclıq edir.
Vəkil məhkəmədə Nicat İbrahimin kiməsə xəsarət yetirməsini sübut edən dəlillərin təqdim edilməsi barədə vəsatət verib. Lakin vəsatət təmin edilməyib.
“Məhkəmədə vəsatət verdim ki, Nicat yanacaqdoldurma məntəqəsində kimisə bışaqlamaqda günahlandırılır. Bu halı əks etdirən video görüntülər təqdim edilsin. Bu zaman müstəntiq bildirdi ki, video görüntülərin alınması ilə bağlı tapşırıq verib. Mən məhkəmədə dedim ki, video görüntülər indiyədək alınmalı idi. Çünki hadisə oktyabrın 5-də olub. İndi deyəcəklər ki, video görüntü silinib. Müstəniq dedi ki, yanacaqdoldurma məntəqəsinin sərt yaddaş diski var, video görüntülər orada saxlanılır. Müstəntiq həmçinin dedi ki, video görüntülərin alınması ilə bağlı tapşırıq versə də hələ video görüntülər göndərilməyib. Mən məhkəmə heyətinə dedim ki, yeganə sübut video görüntü olar. Video görüntü təqdim edilməlidir ki, Nicatın kimisə bıçaqlaması sübut olunsun. Video görüntünü də qəsdən almırlar. Müdafiəçi kimi video görüntülərin alınmasının vacibliyi ilə bağlı bütün strukturlara müraciət etmişəm. Mənə hələ də cavab vermilər. İndi bir aydan sonra deyəcəklər video görüntülər silinib”, Sadıqova qeyd edib.
İctimai fəal Nicat İbrahim barəsində Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Sentyabrın 9-da Nəsimi rayon Məhkəməsi fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Sentyabrın 6-da Nicat İbrahimi Bakı Beynəlxalq Hava Limanının sərhəd keçid məntəqəsindən buraxmayıblar. Ona bildiriblər ki, Daxili İşlər Nazirliyi ölkədən xaricə çıxışına qadağa qoyub. Onun həyat yoldaşı və iki uşağı sərhəd keçid məntəqəsini keçərək Kişinyova gedib.
Bundan sonra Nicat İbrahim Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə zəng edib. Deyib ki, məhkəmənin onun ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi barədə qərarı var.
“Əgər onun ölkədən çıxışına qoyulmuş qadağa götürülməsə, Daxili İşlər Nazirliyinin binası qarşısında özünü yandıracaq. Onun həbsinin səbəbi budur. Bundan sonra o, sentyabrın 9-da yanacaqdoldurma məntəqəsində olanda bir nəfər onu vurub. Nicat yıxılıb. Dərhal polislər onun gözünü bağlayaraq saxlayıblar”, vəkil Sadıqova qeyd edib.
İttiham sübut olunsa, Nicat İbrahimi 8 ilədək həbs gözləyir.
Nicat İbrahimin hazırda Moldovada olan həyat yoldaşı Pərvin İbrahim bildirib ki, sentyabrın 9-da Nicat İbrahim Nəsimi Rayon Polis İdarəsində ittihamı qəbul etmədiyi üçün fiziki zorakılığa məruz qalıb.
“O, etiraz olaraq polis idarəsində stolun üzərində olan kağız kəsmək üçün istifadə edilən alətlə boğazını kəsməklə intihara cəhd edib. Halı pisləşdiyindən həkimə aparıblar. Boğazının kəsilmiş nahiyəsinə 17 tikiş qoyublar. Bundan sonra Bakı şəhər Nəsimi Rayon Məhkəməsi Nicat barədə həbs qətimkan tədbiri seçib və onu Kürdəxanı həbsxanasına (1 saylı Bakı İstintaq Təcridxanası-red) aparıblar”, Pərvin İbrahim Amerikanın Səsinə deyib.
Pərvin İbrahim bildirib ki, həyat yoldaşının intihar həddinə çatdırılması ilə bağlı Ombudsmana müraciət edib.
Öz növbəsində Ombudsman Aparatı Amerikanın Səsinin sorğusuna cavabında bildirib ki, müraciətə baxılıb.
“Bildirmək istərdik ki, səlahiyyətlərimiz çərçivəsində Nicat İbrahimin hüquqlarının təmini istiqamətində zəruri addımlar atılır. Nicat İbrahimin həyat yoldaşı və vəkili tərəfindən Ombudsmana ünvanlanmış müraciətlərdə əks olunmuş məsələlər Azərbaycan Respublikası Baş Prokurorluğu qarşısında qaldırılmış, müraciətdə qeyd edilmiş halların yoxlanılması, müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumat verilməsi tapşırılmışdır. Bu barədə vəkilə ilkin cavab göndərilmiş, nəticəsi barədə isə ətraflı məlumat veriləcəkdir. Məsələ diqqətdə saxlanılır”, Ombudsamn Aparatı Amerikanın Səsinin sorğusuna cavabda bildirib.
Daxili İşlər Nazirliyi isə Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib. Bununla yanaşı, Daxili İşlər Nazirliyi bir qayda olaraq bildirir ki, saxlanılan şəxslər özünü müdafiə məqsədi ilə daimi yanlış məlumatlar yayır.
Bundan öncə, Nicat İbrahim 2021-ci il martın 5-də Bakının Nəsimi rayon Məhkəməsinin hökmü ilə 1 il 3 ay azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə - koronavirus olduğu halda, küçəyə çıxıb başqalarının həyatına təhlükə yaratmaqda təqsirli bilinib.
Nicat İbrahim 2020-ci il iyulun 20-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə gedərkən saxlanılıb.
Məhkəmədə son sözündə İbrahim günahsız olduğunu, heç vaxt koronavirusa yoluxmadığını, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını deyib.
Nicat İbrahim ictimai fəaldır. O, sosial şəbəkələrdə çoxsaylı tənqidi statusları ilə hökuməti tənqid edib.
İbrahim bir neçə il əvvəl ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirib.
Azərbaycanda son illərdə bir neçə siyasi fəal kiməsə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunsalar da, onlar bu ittihamı qəbul etmirlər. Fəallar məhkəmədə bildiriblər ki, həmin şəxslər əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.
Bu cür ittihamla həbsdə olunanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Hümbətov, Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş və Almaniyadan readmissiya olunandan sonra həbs olunmuş Samir Aşurov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov, hökumətin siyasətini tənqidləri ilə tanınan keçmiş diplomat Emin İbrahimov, jurnalist Rza Səfərsoy da var.
Azərbaycan hakimiyyəti isə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini, həbs olunanların konkret cinayət əməlinə görə ittiham olunduqlarını bildirir.
Forum