İranın Qərbi Azərbaycan vilayətinin valisi təyin edilib

Qərbi Azərbaycan valisi Rza Rəhmani

Məsud Pezeşkian hökuməti bu gün Rza Rəhmanini rəsmi olaraq Qərbi Azərbaycan valisi təyin etdiyini elan edib.

Bu barədə rəsmi xəbər agentliyi İRNA məlumat yayıb. Hökumət sözçüsü dekabrın 4-də keçirilən Nazirlər Kabinetinin iclasında Rza Rəhmaninin Qərbi Azərbaycanın yeni valisi təyin olunmasını təsdiqləyib.

Məsud Pezeşkianın prezident seçilməsindən sonra başlayan yeni valilərin təyinat prosesi nəticəsində Qərbi Azərbaycan valisi nəhayət Nazirlər Kabinetinin formalaşmasından üç ay sonra müəyyən edildi. Bu müddət ərzində vilayət müvəqqəti olaraq Rza İbrahimi Ağ İsməili tərəfindən idarə olunurdu.

Rza Rəhmaninin təhsili və karyerası

58 yaşlı Rza Rəhmani Təbrizdə anadan olub. O, Təbriz Azad İslam Universitetində Hüquq üzrə bakalavr təhsili almış, magistr dərəcələrini isə Dövlət İdarəçiliyi və Strateji İdarəetmə üzrə Sənaye İdarəetmə Təşkilatından alıb. Bununla yanaşı, Sənaye və Mədən Universitetində Menecment üzrə doktorantura təhsili alıb.

Rza Rəhmani İran parlamentində üç dövrə boyunca Təbrizi təmsil etmiş və 2004-cü ildən 2016-cı ilə qədər Təbriz millət vəkili olmuşdur. Parlamentin doqquzuncu dövrəsində Sənaye və Mədən Komissiyasına rəhbərlik edib.

Rza Rəhmani Ruhani dövrəsində SMT naziri olub

Sabiq prezident Həsən Ruhani hökumətində Rza Rəhmani birinci prezidentlik dövrəsinin sonunda Sənaye, Mədən və Ticarət nazirinin müavini təyin olunub. Ruhani hökumətinin ikinci dövrəsində, 2018-ci ilin oktyabrından 2020-ci ilin mayına qədər təxminən 1,5 il Sənaye, Mədən və Ticarət naziri vəzifəsində çalışıb.

Əvvəlki vali və yeni təyinatlar

Əvvəlki vali Məhəmməd sadiq Mötəmedian İran mediasında təhlükəsizlik sahəsində çalışan bir şəxs kimi təqdim edilir. O, Qərbi Azərbaycanda Kəşfiyyat Nazirliyinin yüksək səviyyəli rəhbərlərindən biri kimi çalışmış və İbrahim Rəisi administrasiyasında vilayətin valisi olaraq təyin edilmişdi. Müxalif mənbələr isə onu 2022-ci il etirazlarının repressiyasında təsirli rol oynayan şəxs kimi göstərirlər. Hazırda Mötəmedian Məsud Pezişkian hökumətində Tehran valisi vəzifəsində çalışır.

Bu gün Məsud Pezişkian hökumətində valilərin təyinat prosesi yekunlaşdı. Bu siyahının tamamlanması 110 gün çəkdi. Bəhram Sərməst, Rza Rəhmani, Məsud İmami Yeganə və Seyid möhsün Sadiqi müvafiq olaraq Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan valisi təyin edildilər.