Accessibility links

Ərdəbil vilayətinə yeni vali təyin edilib


Məsud İmami Yeganə
Məsud İmami Yeganə

İran İslam Respublikasının 14-cü hökuməti kimi tanınan Pezeşkian hökuməti iyulun 28-dən tədricən etibarən vilayətlər üzrə valilərin təyinatını həyata keçirməkdə davam edir. Bu proses çərçivəsində İran Azərbaycanının vilayətlərindən biri olan Ərdəbil vilayətinə təqribən dörd aylıq fasilədən sonra yeni vali təyin olunub.

Rəsmi İRNA xəbər agentliyinin məlumatına görə, Məsud İmami Yeganə İran Daxili İşlər Nazirliyinin təsdiqi və hökumət kabineti üzvlərinin səsverməsi ilə Ərdəbil vilayətinin yeni valisi vəzifəsinə təyin edilib.

İmami Yeganə bu vəzifədə sabiq vali Hamid Amilinin yerini tutub. Hamid Amili sabiq prezident İbrahim Rəisinin hökumətində vali təyin edilmişdi. Ərdəbilin cümə imamı Həsən Amilinin qardaşı oğlu olan Hamid Amilinin Ərdəbil valisi vəzifəsinə təyin edilməsi zamanı onun bu vəzifəyə təyinatında cümə imamının təsirli olduğu barədə müzakirələr aparılmışdı. Həsən Amili isə bu iddiaları təkzib edərək, qardaşı oğlunun valilik vəzifəsinə təyin olunması ilə bağlı hər hansı tövsiyə və ya göstəriş verdiyini rədd etmişdi.

Məsud İmami Yeganə Ərdəbilin 11-ci valisi olaraq fəaliyyətə başlayır. Ərdəbil şəhərində anadan olan İmami Yeganə daha əvvəl Ərdəbil şəhərinin meri və vilayətin icra orqanlarında müavin və məsləhətçi vəzifələrində çalışıb. O, memarlıq sahəsində ali təhsil alıb və hazırda 47 yaşındadır.

Bəzi media mənbələri onu müstəqil, lakin islahatçı cərəyana yaxın siyasətçi kimi təsvir edir. Bildirilir ki, İmami Yeganə son prezident seçkilərində Pezeşkianın kampaniyalarına dəstək verib.

Ərdəbil vilayəti 1993-cü ildə Əli Əkbər Haşimi Rəfsəncaninin prezidentliyi dövründə Şərqi Azərbaycandan ayrılaraq müstəqil bir vilayətə çevrilib. Vilayətə Azərbaycan adı verilmək əvəzinə, Ərdəbil şəhərinin adı qəbul edilib. İran İslam Respublikasının keçmiş prezidenti Mahmud Əhmədinejad həmin vaxt yeni yaradılmış Ərdəbil vilayətinin yerli olmayan ilk valisi olaraq fəaliyyətə başlamışdı.

Vilayətin yaradılması zamanı büdcə artımı və iqtisadi, sosial inkişafın təmin olunacağı vədləri verilsə də, 30 il keçməsinə baxmayaraq, vilayət hələ də infrastruktur baxımından ciddi geriliklər yaşayır. Vilayətin iqtisadiyyatı və sosial infrastrukturu sahəsində nəzərəçarpan irəliləyişlər müşahidə edilmir.

İndiyədək Məsud Pezeşkian hökumətinin fəaliyyətə başlamasından təxminən dörd ay keçir. Bu müddət ərzində ölkənin 31 vilayətindən 21-nin valisi təyin edilib. İran Azərbaycanının ən mühüm vilayətlərindən biri olan Qərbi Azərbaycan isə hələ də müvəqqəti rəhbər tərəfindən idarə olunur və bu vilayətə daimi vali təyin edilməyib.

Forum

XS
SM
MD
LG