Həbsdə olan əlil Famil Xəlilov ev dustaqlığına buraxılıb

Your browser doesn’t support HTML5

Dekabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə ictimai fəal, I qrup əlil Famil Xəlilov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edilib. Famil Xəlilov məhkəmə zalından sərbəst buraxılıb.

Bu barədə onun özü Amerikanın Səsinə bildirib.

"Məhkəmə mənim barəmdə həbs qətimkan tədbirini səhhətimlə bağlı dəyişdi. Çünki quru aclığıq edirdim. Səhhətim kifayət qədər ağırdır", o, aclığın təsirindən dodaqlarının quruması səbəbindən çox danışa bilməyib.

Bununla yanaşı, Xəlilovun məhkəməsi dekabrın 12-də davam etdiriləcək.

Dekabrın 2-də həyat yoldaşı, övladı və anası Famil Xəlilovun quru aclığı dayandırması üçün Ədliyyə Nazirliyinin Müalicə müəssisəsində onunla görüşüb.

“Famil artıq müstəqil şəkildə yeriyə bilmir. Onu görüşə əlil arabasında gətirdilər. Çox arıqlayıb, dəri və sümükdən ibarətdir. Dodaqları qaralıb, gözləri çuxura düşüb. Onun dekabrın 12-nə təyin edilmiş növbəti məhkəmə iclasına qədər yaşaması çətin görünür. Nə edəcəyimizi bilmirik. Famili itirməkdən qorxuruq ,” Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova bu gün dekabrın 3-də səhər Amerikanın Səsinə deyib.

Your browser doesn’t support HTML5

İctimai fəal Famil Xəlilov azadlıqda

Bakı Ağır Cinayətlər Məhkəməsinin noyabrın 28-də keçirilən iclasında hakim Azər Tağıyev Xəlilovun ev dustaqlığına keçirilməsi ilə bağlı vəsatəti rədd edərək, onun hələ “islah olunmadığını” deyib. Bundan sonra Xəlilov ikinci dəfə aclıq aksiyasına başlayıb və bu dəfə quru aclıq edib.

Famil Xəlilov noyabrın 28-də məhkəmədə bildirib ki, COP-29 günlərində onu növbəti məhkəmə prosesində ev dustaqlığına buraxacaqlarına əmin ediblər.

Bundan sonra 88 gün aclıq edən Famil Xəlilov aclığı dayandırıb, səbirsizliklə noyabrın 28-də keçiriləcək məhkəmə iclasını gözləyib. Lakin məhkəmə vəkillərin onun ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etməyib.

Famil Xəlilov əvvəllər həyatı ilə bağlı təhlükə hiss etdiyindən 2015-ci ildə İsveçə mühacirət etməyə məcbur olduğunu bildirib, 8 ilə yaxın həyat yoldaşı və uşaqları ilə orada yaşayıb. 2023-cü ildə Azərbaycana readmissiya olunub.

Bu il mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.

Fəalın həyat yoldaşı Kiçikxanım Xəlilova bildirib ki, Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.

Avqustun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Xəlilovun cinayət işi üzrə məhkəmə başlayıb.

Qolları serebral iflic olan Famil Xəlilov məhkəmədə əlləri parça ilə arxadan bağlı şəkildə iştirak edir. Çünki onun qolları o qədər bərk əsir ki, ayaq üstə müvazinətini saxlaya bilmir.

Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.