Həbsdə olan ictimai fəal, I qrup əlil Famil Xəlilov noyabrın 28-də yenidən aclıq aksiyasına başlayıb. O, hazırda quru aclıq edir, su, dərman qəbulundan da imtina edib. Xəlilov “qanunsuz həbsinə” etiraz edir.
Bu barədə Famil Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova onunla dekabrın 1-də telefon danışığından sonra Amerikanın Səsinə deyib.
“Famillə bu gün telefonla danışdım. O, quru aclığı davam etdirdiyini, hətta dərmanlarının qəbulundan imtina etdiyini dedi. Bildirdi ki, dərman qəbul etmədiyindən gecələr yata da bilmir. Mənim yalvarışlarıma baxmayaraq, o, inadından dönmədi. Familə onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vədə noyabrın 28-də məhkəmədə əməl edilməməsi çox ağır təsir edib”, o qeyd edib.
Famil Xəlilov noyabrın 28-də məhkəmədə bildirib ki, COP-29 günlərində onu növbəti məhkəmə prosesində ev dustaqlığına buraxacaqlarına əmin ediblər.
Bundan sonra 88 gün aclıq edən Famil Xəlilov aclığı dayandırıb, səbirsizliklə noyabrın 28-də keçiriləcək məhkəmə iclasını gözləyib. Lakin məhkəmə vəkillərin onun ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etməyib.
Ictimai fəal Xəlilov “qanunsuz həbsinə” etiraz olaraq avqustun 15-dən aclığa başlayıb və noyabrın 10-da aclığı dayandırıb.
Famil Xəlilov əvvəllər həyatı ilə bağlı təhlükə hiss etdiyindən 2015-ci ildə İsveçə mühacirət etməyə məcbur olduğunu bildirib, 8 ilə yaxın həyat yoldaşı və uşaqları ilə orada yaşayıb. 2023-cü ildə Azərbaycana readmissiya olunub.
Bu il mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.
Fəalın həyat yoldaşı Kiçikxanım Xəlilova bildirib ki, Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.
Avqustun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Xəlilovun cinayət işi üzrə məhkəmə başlayıb.
Qolları serebral iflic olan Famil Xəlilov məhkəmədə əlləri parça ilə arxadan bağlı şəkildə iştirak edir. Çünki onun qolları o qədər bərk əsir ki, ayaq üstə müvazinətini saxlaya bilmir.
Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.