Polşanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Bakı Polşa prezidenti Andjey Dudanın noyabrın 27-də EUMA-nın Ermənistan-Azərbaycan sərhədi yaxınlığındakı müşahidə məntəqəsinə ziyarətinə etiraz edib

Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo noyabrın 28-də Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bakı Polşa Prezidentinin noyabrın 27-də Avropa İttifaqının (Aİ) Ermənistandakı Missiyasının (EUMA) Ermənistan-Azərbaycan sərhəd bölgəsində yerləşən müşahidə məntəqəsini ziyarət etməsinə rəsmi etirazını bildirib.

“Görüş zamanı Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Andjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib”, XİN məlumatında bildirilir.

Andjey Duda noyabrın 27-də Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədi yaxınlığındakı Paruyr Sevak kəndində yerləşən EUMA məntəqəsini ziyarət edib. Polşa Prezidentinin mətbuat xidmətinin məlumatına görə, o, burada Aİ missiyasının rəhbəri Markus Ritterlə görüşərək vəziyyətlə tanış olub, missiyanın gördüyü işlər barədə maraqlanıb.

“Avropa İttifaqından olan ekspertlərin iştirakının məqsədi münaqişə tərəfləri arasında razılıq əldə etmək və eyni zamanda münaqişə və sərhəd bölgəsində baş verənləri müşahidə etməkdir”, Andjey Duda qeyd edib.

Azərbaycan XİN ötən gün X platformasındakı səhifəsində Polşa Prezidentinin bu addımından “dərin təəssüf” hissi ifadə edərək “qeyri-dost” addıma qarşı müvafiq diplomatik tədbirlər barədə xəbərdarlıq etmişdi.

XİN-in məlumatına görə, bu gün nazirliyə çağırılan polşalı diplomata bildirilib ki, sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunur.

“Bu təxribatın Azərbaycan-Polşa münasibətlərinə zidd olduğu, Azərbaycanın legitim təhlükəsizlik maraqlarına təsir edən bu kimi addımlardan çəkinməyin zəruri olduğu diqqətə çatdırılıb”, məlumatda qeyd edilir.

SEE ALSO: Polşa Prezidenti: Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə verməyə hazırıq


Aİ-nin Ermənistandakı mülki missiyası 2023-cü ilin yanvarında yaradılıb. Aİ ikiillik mandata sahib olan missiyanın məqsədinin bölgədə sabitliyə və etimad quruculuğuna töhfə vermək, Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etmək olduğunu qeyd edib.

Aİ missiyanın sərhədin hər iki tərəfində fəaliyyətini təklif etsə də, Bakı buna etiraz edib. Azərbaycanlı rəsmilər EUMA-nın bölgədə vəziyyəti gərginləşdirməyə xidmət etdiyini və “Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunduğu”nu vurğulayıblar.

Ermənistanda iki günlük səfərdə olan Polşa Prezidenti Andjey Duda noyabrın 26-da Yerevanda erməni həmkarı Vaaqn Xaçaturyanla birgə mətbuat konfransında Polşanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə verməyə hazır olduğunu bildirib. Azərbaycan tərəfi bu məsələyə dair hər hansı şərh verməyib.

Andjey Duda Yerevanda həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyan və Ermənistan Parlamentinin sədri Alen Simonyanla görüşlər keçirib və səfərini başa vurmazdan əvvəl EUMA məntəqəsini ziyarət edib.

Daha əvvəl COP29-a qatılmaq üçün Azərbaycana səfər edən Andjey Duda noyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşmüşdü.