Rəsmi Bakı Polşa Prezidentinin Ermənistan-Azərbaycan sərhəd bölgəsinə səfərinə etiraz edib

Polşa prezidenti Andjey Duda (sol) Aİ-nin Ermənistandakı missiyasının Ermənistan-Azərbaycan sərhədi yaxınlığındakı müşahidə məntəqəsində olub

Polşa prezidenti Andjey Dudanın Avropa İttifaqının (Aİ) Ermənistandakı Missiyasının (EUMA) üzvləri ilə birgə Ermənistan-Azərbaycan sərhəd bölgəsinə səfəri rəsmi Bakının etirazına səbəb olub.

Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Polşa Prezidentinin EUMA üzvlərinin müşayiəti ilə Ermənistan-Azərbaycan sərhəd bölgəsinə səfəri, təəssüf ki, Aİ-nin müxtəlif üzv ölkələrinin və Avropa institutlarının anti-Azərbaycan siyasətinin növbəti nümayişidir.

Polşa Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Andjey Duda noyabrın 27-də Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədi yaxınlığındakı Paruyr Sevak kəndində yerləşən EUMA məntəqəsini ziyarət edib. Prezident burada Aİ missiyasının rəhbəri Markus Ritterlə görüşərək vəziyyətlə tanış olub, missiyanın gördüyü işlər barədə maraqlanıb.

“Avropa İttifaqından olan ekspertlərin iştirakının məqsədi münaqişə tərəfləri arasında razılıq əldə etmək və eyni zamanda münaqişə və sərhəd bölgəsində baş verənləri müşahidə etməkdir”, Andjey Duda vurğulayıb.

Polşa Prezidenti həmçinin EUMA-nın polşalı kontingenti ilə görüş keçirib.

Hadisəyə gecikmədən reaksiya verən rəsmi Bakı Polşa Prezidentinin bu addımından dərin təəssüf hissi ifadə edib.

“Azərbaycanın “strateji tərəfdaşı” olan ölkənin prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik “binokl şousu”nda iştirak etməsindən dərin təəssüf hissi keçiririk”, Azərbaycan XİN X səhifəsində yazıb.

Bakı qeyd edib ki, Azərbaycan rəsmilərinin Polşanın Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə göndərdiyi çoxsaylı mesajlara baxmayaraq, Polşa tərəfi bu təxribatçı addımdan çəkinməyib.

“Azərbaycan bu qeyri-dost addıma qarşı müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır”, Azərbaycan XİN əlavə edib.

SEE ALSO: Polşa Prezidenti: Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə verməyə hazırıq

Ermənistanda səfərdə olan Polşa prezidenti Andjey Duda noyabrın 26-da Yerevanda erməni həmkarı Vaaqn Xaçaturyanla birgə mətbuat konfransında Polşanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə verməyə hazır olduğunu bildirib.

O, Yerevanda həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan və Ermənistan Parlamentinin sədri Alen Simonyanla görüşlər keçirib.

Bundan əvvəl COP29-un liderlər sammitinə qatılmaq üçün Bakıda olan Andjey Duda noyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşmüşdü.

Aİ-nin Ermənistandakı mülki missiyası 2023-cü ilin yanvarında yaradılıb. Aİ iki illik mandata sahib olan missiyanın məqsədinin Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etmək olduğunu qeyd edib.

Missiyanın mövcudluğu ilə bağlı əvvəllər də narahatlıq ifadə edən Rəsmi Bakı isə EUMA-nın bölgədə vəziyyəti gərginləşdirməyə xidmət etdiyini və “Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunduğu”nu vurğulayıb.