Təbrizdə İran rəhbərini aşağılamaqda ittiham edilən Nigar Dabbaği müvvəqqəti azadlığa buraxılıb

Nigar Dabbaği (Mənbə: Ərk cəmiyyətinin Telegram kanalı)

Hüquq müdafiəçiləri Təbrizdə 17 yaşlı yeniyetmə Nigar Dabbağinin təqribən 2 həftə nəzarətdən sonra müvəqqəti olaraq sərbəst buraxıldığını bildiriblər.

İranlı hüquqşünasların idarə etdiyi Dadban qrupu və Azərbaycan İnsan Haqları Cəmiyyəti (Ərk) kimi mənbələrə görə, Dabbaği bazar ertəsi günü 400 milyon tümənlik mülki zəmanət qarşılığında Təbrizin mərkəzi həbsxanasından azad edilib.

Təbrizin Ümumi və İnqilab Prokurorluğu yeniyetmə gəncə qarşı “əhalini daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətməyə təşviq etmək”, “İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyət” göstərmək, “İslamın müqəddəslərini təhqir etmək”, “İslam Respublikasının qurucusu və rəhbərini aşağılamaq” ittihamlarını irəli sürüb.

SEE ALSO: Ərdəbildə sosial media fəalı Səhər Məmizadənin bir həftədir həbsdə olduğu bildirilir

Nigar Dabbağinin gələn ilin fevral ayının 19-da Təbriz İnqilab Məhkəməsində hakim qarşısına çıxarılacağı bildirilir.

Təbrizin Ümumi və İnqilab Prokurorluğunun çıxardığı və surəti sosial şəbəkələrdə yayımlanan sənəddə yazılanlara görə, Nigar Dabbağinin öz “etirafları” və mobil telefonunda mövcud olan şəkillər və məzmunlar ona qarşı dəlil hesab edilib. Sənəddə həmçinin Dabbağinin fəaliyyətlərindən peşman olmadığını bəyan etdiyi dərc edilib.