Milli fəalların bir qrupu azərbaycanlı siyasi məhbus Araz Əmanın ailəsi ilə görüş keçirib. Görüş zamanı Arazın qardaşı Mehdi Əman təhlükəsizlik qüvvələrinin onların evinə hücumu, qardaşının həbs edilməsi və ona tətbiq olunan işgəncələr barədə danışıb.
Təbriz Səsi Telegram kanalının yaydığı video-görüntüdə Mehdi Əmanın verdiyi məlumata görə, Araz Əmanın həbs edilməsi zamanı onlarla təhlükəsizlik agenti onun atası evinə hücum edib. Həmin məmurlar evdə reyd keçirib və bütün ailə üzvlərinin cib telefonlarını müsadirə ediblər.
Həmin vaxt ailə üzvləri, o cümlədən yaşlı valideynləri təzyiq və təhqirə məruz qalıb. Mehdi Əmanın sözlərinə görə, Araz həmin vaxt evdə olmayıb. Buna baxmayaraq, məmurlar ailəni qorxudaraq Arazın yerini açıqlamağa məcbur etmək istəyiblər.
Təhlükəsizlik qüvvələri ailəyə əlavə psixoloji təzyiq göstərmək üçün Araz Əmanın guya ötən gecə Tehranda iki nəfəri qətlə yetirdiyini iddia ediblər. Mehdi Əman bu ittihamların əsassız olduğunu və həqiqətə uyğun olmadığını qətiyyətlə bildirib.
SEE ALSO: Azərbaycanlı siyasi məhbus Araz Əman işgəncə zamanı dişlərinin qırıldığını bildiribAraz Əman həbs olunduqdan sonra əlləri və ayaqları qandallanaraq və gözləri bağlanaraq təyyarə ilə Tehrana göndərilib. Mehdi Əmanın dediyinə görə, uçuş zamanı məmurlar onu təyyarədən atmaqla hədələyərək psixoloji işgəncəyə məruz qoyublar.
Araz Əman Tehranda Evin həbsxanasının 209 saylı bölməsində, Kəşfiyyat Nazirliyinin nəzarətində olan təcridxanada ağır işgəncələrə məruz qalıb. Sorğu-sual prosesi başa çatdıqdan sonra ümumi bölməyə köçürülən Araz ailəsi ilə telefon danışığında ona tətbiq olunan işgəncələrin təfərrüatlarını açıqlayıb.
Mehdi Əmanın bildirdiyinə görə, Araz ilk üç gün ərzində yarım metr ölçüdə bir karserdə saxlanılıb və ondan etiraf sənədini imzalaması tələb olunub. Araz bu sənədi imzalamaqdan imtina etdiyi üçün şiddətli döyülüb. Nəticədə onun iki dişi qırılıb. Bundan əlavə, sorğu-sual zamanı müstəntiqlər onu dəynəklərlə döyərək ağır fiziki işgəncələrə məruz qoyublar.
Mehdi Əman əlavə edib ki, Evin həbsxanasındakı müstəntiqlər Arazın imzalamaqdan imtina etdiyi etiraf sənədini ona zorla yedizdiriblər.
Fevralın ilk həftəsində Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən siyasi fəal nəzarətdə saxlanıldığı müddətdə və məhkəmə prosesində vəkilə çatım hüququndan məhrum qalıb.
SEE ALSO: Evin həbsxanasında saxlanılan 6 milli fəala ümumilikdə 51 il həbs cəzası verilibCari ilin iyulunda Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində Araz Əmanın məhkəmə iclası keçirilib. Məhkəmə zamanı Kəşfiyyat Nazirliyinin hazırladığı ittiham aktı oxunub. İttihamlar arasında Arazın adını "Yaqub"dan "Araz"a dəyişməsi və mərhum Əziz Purvəlinin dəfn mərasimində iştirakı xüsusi vurğulanaraq, cinayət nümuməsi kimi qeyd olunub.
Oktyabrın 15-də isə həmin məhkəmə Araz Əmanı "casusluq" ittihamı ilə 8 il, "milli təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamı ilə isə 5 il həbs cəzasına məhkum edib.