Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal Əbdüləziz Əzimi Qədimin sağlamlıq durumunun pisləşdiyi, lakin həbsxanadan kənarda müalicə almasına icazə verilmədiyi bildirilir.
Sosial mediada hüquq müdafiəçilərinin yaydığı məlumatlara görə, milli fəal bel və boyun nahiyəsində şiddətli artritdən əziyyət çəkir. Həbsxananın qeyri-standart şəraiti, xüsusilə çarpayıların uyğun olmaması, onun fiziki vəziyyətinin daha da ağırlaşmasına səbəb olub.
Əzimi Qədimin təcili tibbi müdaxiləyə ehtiyacı olmasına baxmayaraq, həbsxana rəhbərliyi onun ixtisaslaşmış həkimlər tərəfindən müayinə və müalicə üçün həbsxanadan kənar xəstəxanaya göndərilməsinə imkan vermir.
Fəal fevral ayının ilk həftəsində Tehranda həbs edilərək, Kəşfiyyat Nazirliyinin təcridxanası olan Evin həbsxanasının 209-cu bölməsinə köçürülüb. Təhlükəsizlik qüvvələri tərəfindən sorğu-sual edildikdən sonra ümumi bölməyə köçürülən Əzimi Qədim məhbuslara qarşı işgəncə halları və insan hüquqları pozuntuları ilə bağlı bir neçə audio mesaj göndərərək ictimaiyyəti məlumatlandırıb.
SEE ALSO: Evin həbsxanasında aclıq edən Əbdüləziz Əziminin səhhəti ilə bağlı narahatlıqlar artırOnun sağlamlıq vəziyyəti daha öncə də, xüsusilə iyul ayında aclıq aksiyası keçirdiyi dövrdə pisləşmişdi. O zaman Əzimi Qədim 35 gün davam edən aclıq aksiyası nəticəsində klinikaya yerləşdirilmiş, lakin yalnız müvəqqəti tibbi yardım ala bilmişdi.
SEE ALSO: Milli fəal Əbdüləziz Əzimi Qədim həbsxananın klinikasına yerləşdirilibƏzimi Qədim 44 günlük aclıq aksiyası keçirərək, həm məhbuslara qarşı təzyiqləri, həm də girov müqabilində azadlığa buraxılmalarına mane olan ədalətsiz məhkəmə qərarlarını etiraz etmişdi.
Fevral ayından etibarən Tehranın Evin həbsxanasında saxlanılan Əzimi Qədim oktyabr ayında Tehran İnqilab Məhkəməsi tərəfindən “milli təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il, “rejim əleyhinə təbliğat aparmaq” ittihamı ilə isə 1 il həbs cəzası alıb.