Noyabrın 13-də Təbriz Mərkəzi Həbsxanasında iki məhkum edam edilib.
İran İnsan Haqları Təşkilatının (IHR) məlumatına görə, bu şəxslər ayrı-ayrı cinayət işlərində qətl ittihamı ilə məhkum edilən Şərqi Azərbaycan vilayətinin sakinləri olublar.
Məlumata əsasən, 44 yaşlı Əhər şəhərinin kəndlərinin birindən olan Salar Şamipur Zərdxana və 46 yaşlı Təbriz sakini Əli Abidini müvafiq olaraq üç və dörd il əvvəl qətl ittihamı ilə həbs olunmuş və məhkəmə tərəfindən edama məhkum edilmişdilər.
Bu iki məhkumun edam hökmü, İran İslam Respublikasının qanunlarında qətl cinayəti üçün nəzərdə tutulan qisas qanununa əsasən çıxarılmışdı.
İran mediasında bu edamların həyata keçirildiyi barədə məlumat dərc olunmayıb.
İnsan haqları təşkilatları dəfələrlə qisası qəddar və qeyri-insani cəza növü kimi qınamış və bu qanunun islahı və ya ləğvini tələb etmişlər.
SEE ALSO: İranın Zəncan vilayətində iki məhkumun edam cəzası icra edilibİran, dünyada ən çox edam cəzası tətbiq edən ölkələrdən biridir. İran İnsan Haqları Təşkilatı və Beynəlxalq Əfv Təşkilatı kimi beynəlxalq qurumların son hesabatlarına görə, 2023-cü ildə İranda 830-dan çox edam həyata keçirilib. Bu rəqəm əvvəlki illə müqayisədə əhəmiyyətli artımın olduğunu göstərir. 2022-ci ildə ən azı 580 məhkum ölkədə asılaraq edam edilmişdi.
İranda edamların əksəriyyəti narkotiklərlə bağlı cinayətlər, qətl və təhlükəsizliklə əlaqəli cinayətlərə görə həyata keçirilir. Bundan əlavə, zina, eynicinsli münasibətlər və müxaliflərə qarşı irəli sürülən "muharibə" kimi ittihamlar da edam cəzası ilə nəticələnə bilər.