Hüquq müdafiəçiləri fevral ayından bəri Evin həbxanasında saxlanılan vəkil və türk dil haqları müdafiəçisi Tahir Nəqəvinin aclıq aksiyasına başladığını bildiriblər.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Günaz TV kimi mənbələrə istinadən, Nəqəvi həbsxana məmurlarından biri ilə münaqişədən sonra onun təhdid və təzyiqlərinə etiraz olaraq aclığa başlayıb.
Nəqəvi daha əvvəl də həbsxana məmurları ilə münaqişə yaşamışdı. O, keçən iyul ayında “həbsxananın ümumi intizamını pozmaq və həbsxana məmurlarını təhqir edtmək” kimi yeni ittihamlarla üzləşib.
SEE ALSO: Sina Yusufi: Bu fəalların məhkəməsi Tehranda deyil, Təbrizdə keçirilməli idiTahir Nəqəvi fevral ayının 5-7-si tarixlərində İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınan 30-a yaxın türk fəallardan biri olub. Tehran İnqilab Məhkəməsi bu fəalları “nizama qarşı təbliğat”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və casusluq kimi ittihamlardan təqsirli bilərək 3 ildən 13 ilə qədər həbsə məhkum edib. Nəqəviyə qarşı 6 il həbs cəzası çıxarılıb.
Kərəc şəhərində vəkil olaraq çalışan Nəqəvi eyni zamanda dil hüquqları və digər mədəni və siyasi sahələrdə fəaliyyət göstərib. Onun türk dilində təhsil və türkcəyə İranda rəsmi status verilməsinin zərurəti ilə bağlı yazdığı məqalələr internet səhifələrində dərc edilib.
Hüquq müdafiəçiləri vəkilin nəzarət müddətində fiziki və ruhi işgəncələrə məruz qaldığı və lazımi tibbi yardımla təmin edilmədiyini bildiriblər.