BMT-nin Baş katibi Azərbaycanda səfərdədir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycana səfərə gəlib.

BMT-nin Mətbuat xidmətinin məlumatına görə, Baş katib Bakıda olarkən konfransda liderlərlə, həmçinin vətəndaş cəmiyyəti üzvləri, gənclər və danışıqlar qrupları ilə görüşəcək. Antonio Quterreşin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında çıxışı olacaq.

BMT bildirir ki, 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransı ( COP29) iqlim tədbirlərini sürətləndirmək üçün mühüm fürsətdir. Rekord yüksək qlobal temperatur və artan ekstremal hava şəraitində COP29 konfransı hökumət, biznes və vətəndaş cəmiyyətinin liderlərini həll yolları irəli sürmək üçün birləşdirəcək. Əsas diqqət iqlimin maliyyələşdirilməsinə yönəldiləcək, çünki emissiyaları azaltmaq və icmaları qorumaq üçün trilyonlarla dollar tələb olunur, həmçinin Paris Sazişinə uyğun olaraq milli iqlim planlarının təqdimatı olacaq.

2025-ci ilin əvvəlinə qədər yerinə yetirilməli olan bütün milli iqlim fəaliyyət planları qlobal istiləşməni 1,5°C-dək məhdudlaşdırmağa yönəlməlidir.