İndiyədək Bakıda keçiriləcək COP29 konfransına gəlmək üçün 67 min nəfər qeydiyyatdan keçib.
Bu barədə noyabrın 8-də Azərbaycan Prezidentin köməkçisi Anar Ələkbərov bildirib.
Onun sözlərinə görə, COP29-u işıqlandırmaq üçün 3 500 media nümayəndəsi akkreditasiyadan keçib və onların bir çoxu artıq Azərbaycana gəlib.
Ələkbərov bildirib ki, COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionunda işlər artıq tamamlanıb.
Prezidentin köməkçisi deyib ki, 29 otaqda iclaslar təşkil ediləcək. "Yaşıl Zona"da 58 yerli və xarici şirkət pavilyonlar qurub.
Ələkbərov qeyd edib ki, noyabrın 11-də COP29 tədbirinin rəsmi açılış mərasimi olacaq.
"Noyabrın 12-13-də Liderlər Sammiti keçiriləcək, noyabrın 12-də isə "Yaşıl Zona”da birinci xanımların görüşü baş tutacaq. Tədbir noyabrın 22-də rəsmi olaraq yekunlaşsa da, danışıqlardan asılı olaraq bu tarix uzana da bilər", o bildirib.
Eyni zamanda COP29-un rəsmi açılış mərasimində təxminən 40 dəqiqə Azərbaycan mədəniyyəti təqdim olunacaq.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək.
COP-29-un rəsmi məlumatına görə, Bakı sammitində yüzdən çox dövlət və hökumət başçısının iştirakı gözlənilir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı - COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir.
COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.