Milyonlarla amerikalı çərşənbə axşamı ölkənin yeni prezidentinin vitse-prezident Kamala Harris, yaxud sabiq prezident Donald Tramp olacağını müəyyənləşdirəcək seçkilərdə səs verir.
Siyasi təhlilçilər deyir ki, kimin prezident seçilməsi yeddi ştat üzrə seçkilərin nəticələrindən asılı olaraq müəyyən ediləcək. Həmin ştatlarda rəy sorğularının bildirdiyinə əsasən, Harris və Tramp arasında fərq iki faizdən çox deyil.
Ştatlar üzrə səslərin yaxınlığından və səsvermənin nə zaman bitməsindən asılı olaraq, qalib çərşənbə axşamı gecə saatlarında, və ya çərşənbə günü səhər elan edilə bilər. Amma nəticənin məlum olması, dörd il əvvəl olduğu kimi, bir neçə günə qədər uzana da bilər.
SEE ALSO: Amerikalılar prezident seçkilərində səs verirHəm Harris, həm də Tramp seçki pozuntularını mübahisələndirmək üçün çox sayda təcrübəli seçki hüquqşünaslarını bir araya gətiriblər.
Hökumət mərkəzlərində, yanğınsöndürmə məntəqələrində, məktəblərdə, kilsələrdə və digər məkanlarda yerləşən seçki məntəqələri çərşənbə axşamı ölkənin şərq ştatlarında səhər saatlarında açılıb. Digər məntəqələr ölkə üzrə mövcud olan altı saat zonasına müvafiq ardıcılıqla açılır.
78 yaşlı Tramp seçki gününün erkən saatlarını mühüm yeddi ştatdan biri olan Miçiqanda keçirdi. O seçki kampaniyasını 2016 və 2020-ci illərdə olduğunu kimi Qrand Rapids şəhərində seçki mitinqi ilə yekunlaşdırdı.
“Biz yaxşı vəziyyətdəyik. Sizə deməliyəm ki, səs baxımından yaxşı durumdayıq”, Tramp gecəyarısından sonrakı nitqində bildirib. O iddia edib ki, Harris və Demokratlar yalnız saxtakarlıq etsələr, qalib gələ bilərlər.
Tramp günün geri qalan hissəsini Floridadakı Mar-a-Laqo malikanəsində keçirəcək. Daha sonra nəticələrin izlənilməsi üçün Vest Palm Biçdə tədbirdə iştirak edəcək.
60 yaşlı Harris seçki kampaniyasını bazar ertəsi çox sayda ulduzların iştirakı ilə Filadelfiyada keçirdi.
Harris öz nitqində Trampın adını çəkmədi və təxminən 30 min insanın iştirak etdiyi mitinqdə “bu gecə biz başladığımız kimi – optimizlə, enerji ilə, sevinclə, gələcəyi qurmaq üçün gücə malik olduğumuzu bilməklə bitiririk” dedi.
Harris seçkilərin nəticələrini Vaşinqtonda yerləşən, tarixən Qara universitet hesab edilən Hovard Universitetində, 1986-cı ildə iqtisadiyyat və siyasi elm üzrə dərəcə qazandığı universitetdə izləyəcək.
“Sabah Seçki Günüdür və impuls bizim tərəfimizdədir. Bizim kampaniyamız Amerika xalqının ambisiyalarına, hədəflərimizə və arzularına toxundu. Və biz bilirik ki, Amerikada yeni liderlər nəslinin vaxtıdır,” Harris seçkidən bir gün öncə ölkənin polad sənayesinin mərkəzi kimi tanınan Pittsburqda polad zavodunda toplaşan tərəfdarlarına deyib.
Seçki günündən öncə 81 milyon amerikalı erkən səsvermədə iştirak ediblər. Onlar səslərini erkən seçkilər üçün nəzərdə tutulmuş məntəqələrdə, yaxud poçtla veriblər.
Bu rəqəm 2020-ci il seçkilərində səs vermiş 158 milyonun yarısından çoxdur. Həmin seçkilərdə Co Bayden Donald Trampı məğlub etmişdi.
Tramp Demokratların seçkidəki qələbəsini indiyədək tanımır və səsvermədə saxtakarlıqların baş verdiyini iddia edir. 2020-ci il seçkilərinin nəticələri üzrə verilmiş onlarla məhkəmə qərarı Trampın iddialarını təkzib edib.
Lakin bazar günü Tramp Pennsilvaniya ştatındakı tərəfdarları qarşısında çıxışında deyib ki, o, 2021-ci ildə Ağ Evi tərk etməməli idi.
Respublikaçı namizəd deyib ki, o, çərşənbə axşamı seçkilərinin nəticələrini o halda qəbul edəcək ki, seçkinin ədalətli keçirildiyi qənaətinə gəlsin. Demokrat tənqidçiləri bu deyimin onun seçkiləri yalnız qələbə çalacağı təqdirdə qəbul edəcəyi anlamına gəldiyini bildirir.
“Əgər siz Kamalaya səs versəniz, sizi daha dörd il səfalət, uğursuzluq və fəlakət gözləyir. Ölkəmiz heç vaxt özünə gəlməyə bilər. Mənə səs verin və mən hər irqdən, dindən, rəngdən və inancdan olan Amerika üçün artan əmək haqqı, artan gəlirlər və iş yerlərinin artımı, sərvət və imkanlar təqdim edəcəyəm. Hər kəs üçün,” Tramp bildirib.
Tramp və Harris kampaniyaları mümkün seçki pozuntuları ilə bağlı iddialarla məşğul olmaq üçün nəhəng hüquqşünas komandaları toplayıblar.
Trampın qələbəsi onu 1880-ci illərdə Qrover Klivlenddən bəri ardıcıl olmayaraq iki dönəm prezident olmuş ilk prezident edə bilər. Bu halda o, həmçinin 2016-cı ildə porno film ulduzuna susma pulu verdiyinə görə 34 maddə üzrə məhkum edilmiş bir şəxs olaraq ilk prezident olacaq. Noyabrın ikinci yarısında Trampa hökm oxunulacağı gözlənilir.
Tramp seçki kampaniyası boyunca Demokrat opponentlərini “daxili düşmən” və ölkənin gələcəyinə təhlükə adlandırıb. O, Harrisi aşağı intellektli bir adam kimi qələmə verib və deyib ki, beynəlxalq münasibətlərdə dünya liderləri ona üstün gələcəklər.
Kamala Harris seçki kampaniyası boyunca mübarizənin çətin keçəcəyini bildirsə də, son vaxtlar daha çox nikbinlik ifadə etməyə başlayıb. İndi o, Birləşmiş Ştatların 47-ci prezidenti olacağını gözlədiyini deyir. Əgər seçilərsə, Harris Birləşmiş Ştatların ilk qadın prezidenti və Barak Obamadan sonra ikinci qara prezidenti olacaq.
Son anadək məlum olan rəy sorğuları Harris-Tramp yarışının önəmli elektoral əhəmiyyət kəsb edən ştatlarda bərabər keçdiyini göstərir.