İran və Azərbaycan Xəzər dənizində birgə axtarış-xilasetmə təlimi keçirir. Bu barədə İRNA agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Xəzər dənizində birləşmiş xilasetmə təliminin əsas mərhələsi noyabrın 4-də İran və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə İran Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının ev sahibliyi ilə keçiriləcək.
“Sabah "sülh və dostluq naminə əməkdaşlıq" şüarı ilə AZİREX2024 adı altında Xəzər dənizində birləşmiş yardım və xilasetmə təlimi keçiriləcək. Bu təlimin keçirilməsində məqsəd regionda dayanıqlı kollektiv təhlükəsizliyi və onun əsaslarını möhkəmləndirmək, iştirakçı ölkələr arasında çoxtərəfli əməkdaşlığı genişləndirmək, həmçinin bu ölkələrin sülh, dostluq və dəniz təhlükəsizliyinə birgə dəstək verməsi istiqamətində xoş iradə və bacarıqlarını nümayiş etdirməkdir”, xəbərdə qeyd edilir.
İran tərəfi təlimdə iştirak edən qüvvə və vasitələrin sayı, eləcə də təlim çərçivəsində görüləcək konkret tədbirlər barədə məlumat vermir.
Rəsmi Bakı isə belə təlimlərin keçirilməsi ilə bağlı hələl məlumat yaymayıb.