Tehrandakı Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi fəal Araz Əman sosial şəbəkələrdə yayılan bir audio faylda təhlükəsizlik qüvvələri tərəfindən dindirilmə zamanı ağır işgəncələrə məruz qaldığını, iki dişinin qırıldığını və saçı qopardıldığını açıqlayıb. Onun sözlərinə görə, 7 fevralda Təbrizdə həbs edilib və 9 ay davam edən işgəncələr, uzun müddət karserdə saxlanma nəticəsində ağır hökmlərə məhkum edilib.
Araz Əman bildirir ki, ona qarşı irəli sürülən ittihamların səbəbi onun "Araz" adını seçməsi, Azərbaycan konsulluğunda Qarabağ müharibəsində iştirak üçün qeydiyyatdan keçməsi, İran türklərinin milli hüquqlarını müdafiə etməsi, məktəblərdə ana dilinin tədrisini tələb etməsi və milli fəal Əziz Purvalinin dəfn mərasimində iştirakı olub.
SEE ALSO: Əbdüləziz Əzimi Qədim Evin həbsxanasından audio mesajında fəallara işgəncə verildiyini bildiribFəal qeyd edib ki, Kəşfiyyat Nazirliyinin müstəntiqləri tərəfindən bu fəaliyyətlərinə görə təcridxanada sorğu-sual edilib. Onun sözlərinə görə, həbs edilən zaman 15-dən çox agent atasının evinə qapını sındıraraq basqın edib və qonşulara onun qətldə ittiham olunaraq həbs edildiyi deyilib.
Araz Əman audio faylda, saatlarla davam edən fiziki və mənəvi işgəncələr nəticəsində iki dişinin qırıldığını və saçının bir hissəsinin zorla qopardıldığını vurğulayıb. O, həmçinin dindirilmə zamanı özü və ailəsinə qarşı ağır təhqirlərə məruz qaldığını bildirib.
Təhlükəsizlik qüvvələri ona Rusiya Kamaz maşınlarının İrandan Ermənistana keçməsi ilə bağlı videoları çəkib yaymaqda ittiham edərək casusluq suçlaması irəli sürüblər. Lakin Əman bütün fəaliyyətlərinin İran Konstitusiyasına uyğun olduğunu və türklərin milli hüquqlarını dinc yollarla müdafiə etdiyini bildirib.
SEE ALSO: Evin həbsxanasında saxlanılan milli fəal Araz Əmanın məhkəmə iclası keçirilib24 iyulda Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsində keçirilən iclasda Kəşfiyyat Nazirliyinin hazırladığı ittiham aktı oxunmuşdu. İttihamlar sırasında onun Yaqub adını Arazla əvəz etməsi və mərhum Əziz Purvəlinin dəfn mərasimində iştirakı xüsusi vurğulanmışdı. Həmin ittiham aktında siyasi fəala qarşı casusluq ittihamı ilə bağlı təfərrüatlar və cinayət nümunələri açıqlanmadığı bildirilmişdi.