Azərbaycanda terror aktı planlaşdırmaqda günahlandırılan Əfqanıstan vətəndaşı 10 il həbsə məhkum edilib

Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Şəlalə Həsənovanın sədrliyi ilə Azərbaycanda terror aktı planlaşdırmaqda ittiham olunan Əfqanıstan vətəndaşı Favzan Musa Xanı 10 il həbsə məhkum edib.

Favzan Musa Xan Azərbaycan Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə təqsirli bilinib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il iyulun 10-da yaydığı məlumatda deyilir ki, Bakı şəhərində xarici ölkə səfirliklərindən birində terror aktı törətməyi planlaşdıran Əfqanıstan vətəndaşı saxlanılıb.

Məlumatda bildirilir ki, Əfqanıstan vətəndaşı Favzan Musa Xan (Fawzan Mosa Khan) cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycana gəlib, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin bu ölkədəki səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparıb, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.

Dövlət Təhlükəsizliyi Xidməti Favzan Musa Xanın terror aktı planlaşdırılması ilə bağlı telefon danışıqlarının əks olunduğu video da yayıb. Müşahidəçilər videoda əks olunan hoteldə İsrail və Yaponiya səfirliklərinin yerləşdiyini güman edir.

Bununla yanaşı, Əfqanıstanın rəsmi orqanları, həmçinin Favzan Musa Xanın yaxınları və vəkili ittihamla bağlı hələ açıqlama verməyib.

Times of İsrael nəşri 2023-cü ildə İsrailin xarici işlər naziri olan Eli Kohenə istinadən bildirib ki, Azərbaycanda İsrail səfirliyinə terror cəhdinin arxasında İran dayanır.

Eli Kohenin sözlərinə görə, Azərbaycanda ələ keçirilən terrorçu İrandan maliyyələşib və oradan təlimat alıb.

“İran terroru qlobal təhlükədir, bunu biz son bir neçə gündə Azərbaycanda İsrailin Bakıdakı səfirliyinə hücum cəhdində, eləcə də son aylarda Kipr və Yunanıstanda israillilərə və yəhudilərə qarşı hücum cəhdlərində gördük”, Kohen qeyd edib.