Həyat yoldaşının bildirdiyinə görə, həbsxanada 77 gündür aclıq edən ictimai fəal, I qrup əlil Famil Xəlilovun ayaqları tutulub.
“Familin ayaqlarında üyüşmələr artıb. O hərəkət edə bilmir. 36 kiloqram çəki itirib, indi çəkisi 82 kiloqramdır (təcridxanaya daxil olan 118 kiloqram olub). Dünən həkimlər ondan qan analizi götürüblər” - deyə, oktyabrın 29-da 1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanan ictimai fəalla görüşündən sonra həyat yoldaşı Kiçikxanım Xəlilova Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, Famil Xəlilov mədəsində və başında kəskin ağrılardan əziyyət çəkir. Bununla yanaşı, Famil Xəlilov aclığı sonadək davam etdirəcəyini bildirib.
Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib ki, ağır durumda olmasına baxmayaraq, Famil Xəlilovun məhkəməsi COP29-dan sonraya, noyabrın 28-dək təxirə salınıb.
Öz növbəsində, Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Famil Xəlilovun, həmçinin həbs edilmiş bütün şəxslərin hüquqları təmin edilir və qanuni mənafeləri qorunur.
Fəal Famil Xəlilov "qanunsuz həbsinə" etiraz olaraq avqustun 15-dən aclıq aksiyasına başladığını elan edib.
Famil Xəlilov əvvəllər həyatı ilə bağlı təhlükə hiss etdiyindən 2015-ci ildə İsveçə mühacirət etməyə məcbur olduğunu bildirib, 8 ilə yaxın həyat yoldaşı və uşaqları ilə orada yaşayıb və 2023-cü ildə Azərbaycana readmissiya olunub.
Bu il mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.
Fəalın həyat yoldaşı Kiçikxanım Xəlilova bildirir ki, Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.
Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.
Avqustun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Xəlilovun cinayət işi üzrə məhkəmə başlayıb.
Qolları serebral iflic olan Famil Xəlilov məhkəmədə əlləri parça ilə arxadan bağlı şəkildə iştirak edir. Çünki onun qolları o qədər bərk əsir ki, ayaq üstə müvazinətini saxlaya bilmir.