2024-cü ilin ilk 8 ayında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 22 faiz artaraq 335 milyon dollara yaxın olub.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Hüsyev X platformasında yazıb.
“Bu, iqtisadi əlaqələri gücləndirir, yeni biznes imkanları açır, enerji, nəqliyyat və kənd təsərrüfatı kimi əsas sektorlarda əməkdaşlığı gücləndirir”, səfir qeyd edib.
Rəsmi məlumatlara görə, Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi Rusiya-Ukrayna müharibəsindən öncə, 2021-ci ildə 1 milyard 82 milyon dollar səviyyəsində olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya-Ukrayna müharibəsinin başlanmasından bir ay öncə, 2022-ci il yanvarın 14-də Ukraynaya səfəri zamanı iki ölkə prezidenti 2024-cü ilədək ticarət həcminin iki dəfə artırılması barədə razılığa gəlib. Lakin, 2022-ci il fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin başlaması ilə əlaqələrdə fasilələr yaranıb.
Bununla yanaşı, Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən başlayaraq Ukraynaya humanitar yardımlarını davam etdirir.
Azərbaycan Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini dəfələrlə bəyan edib.
Bu ölkənin Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımların ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 214 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.
Ukraynanın İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası aparılıb. Bu il inoktyabrında İrpin şəhərinin 4 yenidənqurma layihəsinin Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcəyi bəyan edilib.
Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli sərəncamı ilə Ukraynaya humanitar yardım kimi elektrik avadanlıqları alınması üçün 7,6 milyon ABŞ dolları ayırılıb. Elektrik avadanlılarından ibarət humanitar yardımlar artıq Ukraynaya çatdırılıb.