Şərqi Azərbaycanda yol qəzalarında gündə orta hesabla 2,7 nəfər həyatını itirir

İran yolları

Martın 20-dən bəri Şərqi Azərbaycan vilayətində baş verən yol qəzaları nəticəsində 588 nəfər həyatını itirib, 10 mindən çox insan isə yaralanıb.

Bu statistikanı Şərqi Azərbaycan Ədli Tibb İdarəsinin direktoru Mehrdad Setare İran mətbuatına açıqlayıb. O, avqust ayında verdiyi açıqlamada, son dörd ayda baş verən qəzalar nəticəsində 349 nəfərin öldüyünü qeyd etmişdi. Beləliklə, son iki ayda yol qəzalarında həyatını itirənlərin sayı 239 nəfər təşkil edib.

Ümumilikdə, İranın Azərbaycan vilayətlərində və ölkə miqyasında yol qəzaları nəticəsində ölüm halları yüksək olaraq qalır.

Statistikaya əsasən, martın 20-dən oktyabrın 18-dək olan 214 gün ərzində Şərqi Azərbaycanda hər gün orta hesabla 2,7 nəfər yol qəzalarında həyatını itirib.

Şərqi Azərbaycan Ədli Tibb İdarəsinin müxtəlif dövrlərdə verdiyi məlumatlara görə, bu ilin martın 20-dən başlayaraq üç aylıq, dörd aylıq və altı aylıq dövrlərdə müvafiq olaraq 260, 349 və 588 nəfər yol qəzaları nəticəsində həyatını itirib. Bu rəqəmlər, il ərzində yol qəzalarında ölüm hallarında artmaq tendensiyasını göstərir.

İranda yol qəzalarının çoxalmasının əsas səbəbləri arasında sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi, qeyri-standart avtomobillər və təhlükəli yollar yer alır.

İran Yol polisinin rəsmi açıqlamasına görə, ölümlə nəticələnən yol qəzalarının təxminən 70%-i qeyri-standart yollarla bağlıdır.

Rəsmi məlumatlara görə, 21 mart 2023-dən 19 mart 2024-ə qədər ölkə üzrə 20 min 450 nəfər yol qəzalarında həyatını itirib. Həmin dövrdə, 31 vilayət arasında Şərqi Azərbaycan 989 ölüm hadisəsi ilə 8-ci, Qərbi Azərbaycan isə 727 ölüm ilə 9-cu yerdə qərarlaşıb.