Oktyabrın 18-də İstanbulda Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq Platformasının (3+3) üçüncü iclası keçirilib.
İclasda Türkiyə, Azərbaycan, Rusiya, Ermənistan və İranın xarici işlər nazirləri Hakan Fidan, Ceyhun Bayramov, Sergey Lavrov, Ararat Mirzoyan və Abbas Əraqçi iştirak edib.
Toplantıda regionda müharibə və qarşıdurma əvəzinə sabitliyin bərqərar olması və rifahın artırılması istiqamətində atılacaq addımlar, konkret əməkdaşlıq layihələri, o cümlədən regional əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub.
Nazir Hakan Fidan bildirib ki, tədbir Cənubi Qafqazda daimi sülhün təmin edilməsi və əməkdaşlıq imkanlarının qiymətləndirilməsi məqsədi daşıyan məsləhətçi platformadır.
Nazir Fidan görüşdə “3+3” platformasının digər iştirakçısı olan Gürcüstandan nümayəndə heyətinin iştirak etməməsindən təəssüfləndiyini bildirib.
Türkiyəli nazir, həmçinin bütövlükdə regionda baş verən təlatümlü proseslərə və münaqişələrə, həmçinin İsrailin Yaxın Şərqdə yaratdığı humanitar fəlakətə diqqət çəkib, regional səviyyədə dialoq və əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
“Bizim Cənubi Qafqaza baxışımız regional məsuliyyətin dərkinə əsaslanır. İnanırıq ki, bu region ölkələri regional problemləri hamıdan yaxşı bilir və həll edə bilər”, Fidan bildirib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, xarici qüvvələrin regionda öz təhlükəli gündəlikləri, o cümlədən ziddiyyətli hərbiləşdirmə ilə məşğul olmaqla, geosiyasi eskalasiya və bölücü xətləri regiona proyeksiya cəhdlərini artırması fonunda regional fəaliyyət və dialoq daha da vacibdir.
“Nazirin çıxışında mövcud şəraitdə bölgə dövlətlərinin beynəlxalq hüququn prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmama əsasında regiona sahib çıxmasının, bölgənin problemlərinin həll yollarını məhz region çərçivəsində axtarması, regional təhlükəsizliyi bölünməz anlayış olaraq qəbul etməsinin əhəmiyyəti qeyd olunub”, Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Bayramov həmçinin bölgədə iqtisadi layihələrin uğurla həyata keçirildiyini deyib və yaxın zamanda Zəngəzur dəhlizinin açılacağına ümid etdiyini bildirib.
O, Azərbaycanın Ermənistanla dayanıqlı sülh quruculuğu prosesinin davam etdirilməsini və irəlilədilməsinə dair qətiyyəti bir daha təsdiq edib.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Ermənistanın Sərhəd Xidməti 2025-ci il yanvarın 1-dən Ermənistan-İran sərhəd-keçid məntəqəsində işləri Rusiya sərhədçilərindən öz üzərinə götürəcək.
Nazir Ermənistan-Türkiyə sərhəd-keçid məntəqələrinin açılmasına hazırlıq işlərinin getdiyini diqqətə çatdırıb.
“Ermənistan Ermənistan-Türkiyə sərhədində Marqara sərhəd-keçid məntəqəsinin tikintisini və texniki təchizatını artıq başa çatdırıb. Bundan başqa, Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolu xətti ilə sərhədi keçmək üçün texniki tələblərin birgə qiymətləndirilməsi barədə artıq razılığa gəliblər”, o qeyd edib.
Mirzoyan hesab edir ki, Ermənistan və Türkiyə arasında Gümrü-Qars dəmir yolunun istismarı, Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsi ilə yanaşı Fars körfəzi, Qara dəniz, Xəzər dənizi və Aralıq dənizi arasında səmərəli əlaqəni təmin edəcək.
“Bu baxışı nəzərə alaraq, biz Azərbaycana hər iki ölkənin suverenliyinə və yurisdiksiyasına tam hörmət etməklə, dəmir yolu infrastrukturumuzun yenidən qurulması, sərhəd keçidlərinin və gömrük prosedurlarının sadələşdirilməsi, bəzi əlavə təhlükəsizlik mexanizmlərinin təmin edilməsi üçün şərtlər təklif etmişik”, o qeyd edib.
Rusiya xarici işlər naziri bildirib ki, toplantıda İsrail-HƏMAS münaqişəsi, regionda durum, Livanda vəziyyət, bu ölkədəki sülhməramlılar, mülki əhalinin öldürülməsi, fələstinlilərə və regiona humanitar yardım məsələləri diqqət mərkəzində olub.
Lavrov Qafqaz regionundan danışarkən bildirib ki, Qərb Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün “ocağı yandırmaq”, Abxaziya, Cənubi Osetiya və Gürcüstan arasında vəziyyəti qeyri-sabitləşdirmək istəyir.
“Biz bir daha təsdiq edirik ki, “3+3” formatında Gürcüstanın iştirak etməsi üçün qapılar həmişə açıqdır. Ümid edirik ki, Gürcüstan bu formatda müzakirələrə qoşulacaq”, Lavrov qeyd edib.
Cənubi Qafqaz Regional Əməkdaşlıq Platforması Prezident Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə, 2020-ci ilin dekabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan qısa müddət sonra, region ölkələrinin problemləri və mümkün əməkdaşlıq sahələrini müzakirə edə biləcəyi platforma ehtiyacını ödəmək üçün yaradılıb.
Regional Əməkdaşlıq Platforması ölkələri Rusiya ilə münasibətlərinə görə hər üç iclasda iştirak etməyi seçməyən Gürcüstana qapılarını açıq saxlayır və regional sahiblik anlayışına uyğun olaraq platformanı xatırlayarkən Gürcüstanı da qrupa daxil edir.
Platformanın ilk iclası 2021-ci ildə Rusiyanın paytaxtı Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib. Platformanın ikinci iclası 2023-cü ildə Tehranda xarici işlər nazirləri səviyyəsində keçirilib.