Həbsxanada 65 gündür aclıq edən ictimai fəal, I qrup əlil Famil Xəlilovun səhhəti kəskin pisləşib.
Bu barədə oktyabrın 17-də saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində onunla görüşdən sonra həyat yoldaşı Kiçikxanım Xəlilova Amerikanın Səsinə deyib.
“Familin bədəni artıq suyu belə qəbul etmir. O, bu gün bir neçə dəfə su içməyə cəhd edib, mədəsi suyu qəbul etməyib, qaytarıb. Familin qarın nahiyyəsində kəskin ağrılar başlayıb, ayaqları qıc olur”, o qeyd edib.
Həyat yoldaşının dediyinə görə, Famil Xəlilova həkim nəzarəti yoxdur.
“Bu həftə ümumiyyətlə həkimlər onun səhhəti ilə maraqlanmayıb”, o bildirib.
Öz növbəsində Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Famil Xəlilovun, həmçinin həbs edilmiş bütün şəxslərin hüquqları təmin edilir və qanuni mənafeləri qorunur.
Fəal Famil Xəlilov "qanunsuz həbsinə" etiraz olaraq avqustun 15-dən aclıq aksiyasına başladığını elan edib.
Famil Xəlilov əvvəllər həyatı ilə bağlı təhlükə hiss etdiyindən 2015-ci ildə İsveçə mühacirət etməyə məcbur olduğunu bildirib, 8 ilə yaxın həyat yoldaşı və uşaqları ilə orada yaşayıb və 2023-cü ildə Azərbaycana readmissiya olunub.
Bu il mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.
Fəalın həyat yoldaşı Kiçikxanım Xəlilova bildirir ki, Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.
Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.
Avqustun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Xəlilovun cinayət işi üzrə məhkəmə başlayıb. Növbəti məhkəmə iclası oktyabrın 24-nə təyin edilib.
Qolları serebral iflic olan Famil Xəlilov məhkəmədə əlləri parça ilə arxadan bağlı şəkildə iştirak edir. Çünki onun qolları o qədər bərk əsir ki, ayaq üstə müvazinətini saxlaya bilmir.