Avropa Parlamentinin Almaniyadan olan deputatı Mixael Bloss azərbaycanlı alim və ölkənin dövlət tərəfindən nəzarət olunan neft-qaz sektorunun fəal tənqidçisi, doktor Qubad İbadoğlunun azad edilməsi tələbi ilə imzatoplama kampaniyasına başlayıb.
Kampaniya Azərbaycanın bu il COP29 Ümumdünya İqlim Konfransını qəbul etməyə hazırlaşdığı bir vaxt başladılıb.
“Korrupsiyaya və avtokratik idarəetməyə qarşı açıq mövqeyi ilə məşhur olan doktor İbadoğlu Azərbaycan hakimiyyəti tərəfindən həbs edilib və hazırda ev dustaqlığındadır. Ürək xəstəliyindən əziyyət çəkməsinə və xaricdə təcili müalicəyə ehtiyacı olmasına baxmayaraq, o, ölkədə həbsdədir”, bəyanatda deyilir.
Blossun müraciətində prezident Əliyev insan hüquq və azadlıqlarının müdafiəçilərinə qarşı repressiyalara son qoymağa çağırılır, doktor İbadoğlunun həbsinin beynəlxalq iqlim konfransını qəbul edən tərəf kimi Azərbaycanın nüfuzuna xələl gətirdiyi vurğulanır. Müraciətdə həmçinin Azərbaycanda bütün siyasi məhbusların dərhal azad edilməsi və qlobal iqlim məqsədlərinə uyğun olaraq, Avropanın Azərbaycandan neft və qaz idxalının dayandırması tələb edilir.
“İqlim böhranı kollektiv fəaliyyət və azad ideya mübadiləsini tələb edir. Alimləri və fəalları susduran avtoritar addımlar təkcə bizim iqlim dəyişikliyinə qarşı mübarizəmizə mane olmur, həm də əsas insan hüquqlarını pozur” - deyə, Bloss bildirib.
Müraciətdə iqlimin və insan hüquqlarının qorunmasının qarşılıqlı əlaqəsi vurğulanır, həmçinin hər ikisinin qorunması üçün beynəlxalq dəstək göstərilməsi çağırışı yer alır.
Bununla yanaşı, Azərbaycan hökuməti ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri insanların bütün fundamental hüquqlarının tam təmin etdildiyini bəyan edir.
Yerli hüquq müdafiəçiləri isə 319 nəfəri siaysi məhbus kimi tanıyıb.