Cenevrədə Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşü gözlənilir

Sahibə Qafarova, Martin Çunqonq, Alen Simonyan (Mənbə: Parlamentlərarası İttifaq. Arxiv foto)

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləi Sahibə Qafarova və Alen Simonyan arasında Cenevrədə görüş olacağı gözlənilir. Hazırda hər iki ölkənin parlament sədri Cenevrədə səfərdədir.

Azərbaycan Milli Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinini məlumatına görə, səfər çərçivəsində Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirak edəcək, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, digər rəsmi şəxslərlə görüşlər keçirəcək.

Parlamentlərarası İttifaqın Assambelyası oktyabrın 17-dək davam edəcək.

Ermənistan tərəfinin məlumatına görə, assambleya çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin növbəti görüşü ola bilər.

Bununla yanaşı, Azərbaycan tərəfi hələ görüşün olub-olmayacağını təsdiq etytməyib.

Bundan öncə Azərbaycan və Ermənistan parlamentinin sədrləri Sahibə Qafarova və Alen Simonyan Parlamentlərarası İttifaqın tədbirləri çərçivəsində iki dəfə görüşüb.

Sahibə Qafarova və Alen Simonyan arasında sonuncu görüş bu il mayın 16-da Cenevrə şəhərində keçirilib.

Parlamentlərarası İttifaqın vasitəçiliyi ilə keçirilən görüş Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci İclası çərçivəsində baş tutub.

Parlamentlərarası İttifaq görüşlə bağlı qeyd edib ki, qurumun baş katibi Martin Çunqonq Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı son irəliləyişləri alqışlayıb və münasibətlərin tam normallaşmasına nail olmaq üçün hər iki tərəfi bütün qalan məsələlərin həlli üçün səyləri davam etdirməyə təşviq edib.

İki ölkənin parlament sədrləri ilk dəfə bu il martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində görüşüblər.