İranın təhlükəsizlik qüvvələri Şərqi Azərbaycan vilayəti Nadarlı qəsəbəsinin sakini olan siyasi fəalların evlərində axtarış aparıblar.
Azərbaycan Öyrənci Hərəkatı (AZOH) və Ərk hüquq-müdafiə cəmiyyəti kimi mənbələrin bildirdiyinə görə, fəalların bəzi şəxsi əşyaları müsadirə olunub.
Mənbələr evləri axtarılan türk fəallardan Məhəmmədrza Əqdəsi, Hadi Əqdəsi, Vəhid Qaffari və Cəlal Nurməhəmmədinin adlarını yayıblar.
Sözügedən fəalların mobil telefon və kitablar kimi şəxsi əşyalarının müsadirə olunduğu bildirilib.
SEE ALSO: İranın Şərqi Azərbaycan vilayətində fəallar iki oğlu həbsdə olan ailələyə kənd təsərrüfatı işlərində yardım edirŞərqi Azərbaycan vilayətinin Şəbistər şəhərində yerləşən Nadarlı qəsəbəsinin əhalisi milli-mədəni fəaliyyətləri ilə tanınır. Keçən illərdən bəri Nadarlının bir çox sakini göstərdikləri siyasi və mədəni fəaliyyətlərdən dolayı İranın təhlükəsizlik və məhkəmə qurumları tərəfindən təzyiq və təqibə məruz qalıblar.
Hazırda qəsəbənin sakinlərindən bəziləri, o cümlədən Hüseyn Əmani, Araz Əmani və Murtuz Nurməhəmmədi haqqında daha əvvəl açılan məhkəmə işləri davam edir. Nadarlı qəsəbəsindən olan türk dil haqları fəalı Əli Rəzizadə isə Tehranın Evin həbsxanasında həbsdədir.