Accessibility links

Murtuz Nurməhəmmədi sosial media paylaşımlarına görə üç ay bir gün həbs cəzası alıb


Murtuz Nurməhəmmədi Nadarlı (Mənbə: Araz News Telegram kanalı)
Murtuz Nurməhəmmədi Nadarlı (Mənbə: Araz News Telegram kanalı)

Şərqi Azərbaycan vilayətində Şəbistər İnqilab Məhkəməsi siyasi fəal Murtuz Nurməhəmmədini üç ay bir gün həbsə məhkum edib.

Araz News və Abbas Lisani Telegram kanalı kimi mənbələrin surətini yaydığı Şəbistər İnqilab Məhkəməsinin hökmünə görə, Nurməhəmmədi Instagram sosial şəbəkəsində etdiyi paylaşımlardan dolayı “nizama qarşı təbliğat fəaliyyəti” ittihamından təqsirli bilinib.

Məhkəmə sənədində türk fəalın əleyhinə dəlil sayılan paylaşımlardan nümunələr verilib.

“Müttəhim, o cümlədən “Pişəvərinin nəvələri şovinist, rasist və sentralist sistemdən yüzillik intiqamlarını alacaqlar”, “Güney Azərbaycanın müstəqilliyi bölgənin yeni gerçəkliyi olmalıdır” və “Azadlıq, ədalət, milli höküməti bərqərar etmək üçün Azərbaycan Milli Hərəkatına vəkalət veririk” kimi yazıları öz Instagram səhifəsində paylaşaraq nizama qarşı təbliğat fəaliyyəti göstərib,” siyasi fəala qarşı çıxarılan hökmdə yazılıb.

Şəbistər İnqilab Məhkəməsinin hakimi “ali dini lideri təhqir etmək” və “nizama müxalif qruplara üzv olmaq” ittihamlarından isə lazımi dəlillərin olmaması səbəbi ilə Murtuz Nurməhəmmədiyə bəraət verib.

Murtuz Nurməhəmmədi keçmiş illərdə göstərdiyi siyasi və mədəni fəaliyyətləri üzündən təhdid, təqib və həbs kimi təzyiqlərə məruz qalıb.

Əslən Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərinin Nadarlı qəsəbəsindən olan Murtuz Nurməhəmmədi keçən ilin sentyabr ayında qızına şəxsiyyət vəsiqəsi almaq üçün Şəbistər şəhristanı Sufiyan şəhərinin qeydiyyat şöbəsinə müraciəyt etdiyi zaman kəşfiyyat məmurları tərəfindən nəzarət altına alınıb və təqribən 3 ay həbsdən sonra mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Forum

XS
SM
MD
LG