“Azərbaycanda insan hüquqları göstəriciləri uzun illərdir pisdir. Hökumət müntəzəm olaraq cəmiyyətdə mühüm ictimai nəzarət rolunu oynayanları, o cümlədən hüquq müdafiəçilərini, jurnalistləri və müstəqil vətəndaş cəmiyyəti fəallarını hədəf alır”.
Human Rights Watch (HRW) və Freedom Now beynəlxalq insan hüquqları təşkilatlarının oktyabrın 8-də yaydıqları birgə hesabatda belə qeyd edilir.
“Biz gözəgörünməz qalmağa çalışırıq” başlıqlı hesabatda Azərbaycan hökumətinin repressiv qanunvericilikdən sui-istifadə yolu ilə müstəqil vətəndaş cəmiyyətini və medianı dağıtmaq, tənqidçiləri susdurmaq səylərinin sənədləşdirildiyi bildirilir.
74 səhifəlik hesabatda son iki il ərzində cinayət təqibi, həbs və təzyiqlərlə bağlı 33 iş barədə, o cümlədən Abzas Media, Toplum TV və Kanal 13 jurnalistlərinin, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti fəallarının, siyasi partiya nümayəndələrinin və tədqiqatçıların həbsi barədə məlumat verilir.
Müəlliflər deyir ki, bu işlərin əksəriyyətində həbslərin şəraiti və vaxtı cinayət ittihamlarının fəalların cəzalandırılması və onların qanuni işinə son qoyulması üçün bəhanə olmasını deməyə qəti şəkildə əsas verir.
Hesabatda noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millətlərin İqlim Dəyişikliyi Konfransı (COP29) ərəfəsində repressiyaların daha da kəskinləşdiyini qeyd edilir.
“Azərbaycan hökumətinin vətəndaş azadlıqlarına sayğısızlığı müstəqil qrupları və tənqidi medianı məhvolma yoluna sürükləyir. Hökumətin COP29 ərəfəsində özü haqqında təqdim etdiyi obraz bu olmamalıdır. Hökumətin həbsdə olan tənqidçiləri azad edərək və vətəndaş cəmiyyətinə qarşı saxta ittihamlara dərhal son qoyaraq öz reputasiyasını yüksəltməsi üçün hələ gec deyil, lakin onlar indi hərəkətə keçməlidir”, Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin direktoru Giorgi Qogiya deyib.
HRW və Freedom Now hesabatın hazırlanması üçün Azərbaycanda 40-dan çox şəxslə, o cümlədən hüquqşünaslar, həbs edilənlərin yaxınları, qeyri-hökumət təşkilatlarının əməkdaşları və liderləri ilə müsahibələr aparıb, Azərbaycanda QHT-lərlə bağlı qanunvericiliyi və qaydaları, konkret cinayət işlərinə aid hüquqi sənədləri, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını və digər sənədləri nəzərdən keçiriblər.
Hesabatda Azərbaycanda hökumətin məhdudlaşdırıcı qanunvericiliklə qeyri-hökumət təşkilatlarının qeydiyyatına, maliyyə resurslarına çıxış imkanına məhdudiyyətlər tətbiq etdiyi, vətəndaş cəmiyyətinin qanuni fəaliyyətinə mane törətdiyi və repressiv qanunvericiliyin müxtəlif müddəalarından sui-istifadə etməklə cinayət təqibləri başlatdığı vurğulanır.
“Azərbaycan hökuməti ədalətsiz həbslər və məhdudlaşdırıcı QHT qaydaları ilə vətəndaş cəmiyyətini aradan qaldırmağa çalışır”, Freedom Now təşkilatının icraçı direktoru Andrea Prasov deyib.
Azərbaycanın insan hüquqları sahəsində götürdüyü beynəlxalq öhdəlikləri xatırladan hesabat müəllifləri, hökuməti QHT-ləri və medianı tənzimləyən repressiv qanunları ləğv etməyə, siyasi motivli ittihamlarla həbs edilənləri dərhal və qeyd-şərtsiz azad etməyə çağırıblar.
SEE ALSO: HRW COP29 öncəsi insan haqlarının müdafiəsinə çağırırBeynəlxalq təşkilatlar həmçinin COP29-da iştirak edəcək dövlətlərə və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) katibliyinə çağırış edərək Azərbaycan hakimiyyəti ilə təəmaslarında müstəqil vətəndaş cəmiyyətinin konfransda hərtərəfli iştirakının vacibliyinin vurğulanmalı olduğunu bildirirlər.
“COP29-dan əvvəlki bu kritik dövrdə dövlətlər və BMT rəsmiləri təcili olaraq Azərbaycanı özbaşına həbs edilmiş fəalları dərhal və qeyd-şərtsiz azad etməyə, COP29-da və onun hüdudlarından kənarda insan hüquqlarını qorunmağa çağırmalıdır”, Andrea Prasov əlavə edib.
Azərbaycan hökuməti noyabr ayında Bakıda keçiriləcək COP29-da “inklüziv nəticələr üçün inklüziv proses”ə sadiqliyini ifadə edib.
“COP29 Sədrliyi maraqlı tərəfləri dinləyir və onlarla əməkdaşlıq edir. Sədrlik hər kəsin səsinin eşidilməsinə və fikirlərinin nəzərə alınmasına, ortaq həllər vasitəsilə inklüziv nəticələrin əldə edilməsinə çalışır. Birlikdə müsbət irəliləyiş əldə edə biləcəyimizə inanırıq”, COP29 sədrliyi bəyan edib.
Azərbaycanda jurnalistlərə və fəallara qarşı artan təqiblər və həbslərlə bağlı çoxsaylı beynəlxalq çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər çağırışları qərəzli hesab edir, vətəndaşların bütün hüquq və azadlıqlarının qorunduğunu iddia edirlər.
Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.