İnsan Ölçüsü üzrə Varşava Konfransında Azərbaycanda insan hüquqlarının durumu tənqid edilib

ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Monika Yakobsen (Monica Jacobsen) İnsan Ölçüsü üzrə Varşava Konfransında Azərbaycan hökumətini insan haqları ilə bağlı götürdüyü beynəlxalq öhdəliklərə riayət etməyə çağırıb.

O, çıxışında Azərbaycanda bir sıra jurnalist, ictimai-siyasi fəal, blogerlərin həbs edildiyini deyib.

“Azərbaycan bir sıra müstəqil jurnalistləri, vətəndaş cəmiyyəti fəallarını və siyasi müxalifət nümayəndələrini, o cümlədən iqtisadçılar Qubad İbadoğlunu və Fərid Mehralızadəni, jurnalistlər Ələsgər Məmmədlini, Ülvi Həsənlini və Sevinc Vaqifqızını, müxalif siyasətçi Tofiq Yaqublunu, ictimai fəal Bəxtiyar Hacıyevi, hüquq müdafiəçisi Anar Məmmədlini və sülh fəalı Bəhruz Səmədovu həbs edib. Azadlıq Radiosu və hökuməti tənqid edən digər müstəqil media orqanlarının hələ də bloklanması davam edir. Son bir ildə müstəqil onlayn media orqanlarının əksəriyyəti, o cümlədən Abzas Media, ToplumTV və Kanal13 bağlanıb. Azərbaycanı beynəlxalq öhdəliklərinə və vədlərinə riayət etməyə, ədalətsiz həbs edilənləri azad etməyə çağırırıq”, Monika Yakobsen çıxışında bildirib

O, çıxışının sonunda iştirakçı dövlətləri öz ölkələrindəki bütün fərdlərin, o cümlədən vətəndaş cəmiyyəti və müstəqil media üzvlərinin heç bir qisasa məruz qalmadan ifadə azadlığından istifadə edə bilməsinin və ictimaiyyətin məlumatı sərbəst əldə edə bilməsinin təmin edilməsinə çağırıb.

Xatırladaq ki, hüquq-müdafiə təşkilatları ölkədə 319 nəfəri siyasi məhbus kimi tanıyıb. Siyasi məhbus kimi tanınan şəxslərin 18 nəfəri jurnalistlər və blogerlər, 3 nəfəri hüquq müdafiəçiləri, 30 nəfəri müxalif partiya və ictimai təşkilatların üzvləridir.

ABŞ Dövlət katibi Antoni Bilinken Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini vurğulayıb və haqsız yerə həbs edilənlərin azad edilməsinə çağırıb.

Buna cavab olaraq Azərbaycan Prezidentinin Mətbuat Xidməti bildirib ki, Prezident İlham Əliyev insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin tamamilə qəbuledilməz olduğunu deyib.

Ümumilikdə isə rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.