Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin çəkdiyi "Gölün uşaqları" adlı qısametrajlı filmi Finlandiyada keçirilən 2024 Vaasa Beynəlxalq Təbiət Filmləri Festivalında ən yaxşı qısametrajlı film kateqoriyasında mükafatı ilə təltif olunub. Filmin həm bədii, həm də texniki səviyyədə mükəmməlliyi vurğulanmaqla yanaşı, onun ətraf mühit və ekoloji problemlər mövzusu ilə bağlı mesajı qeyd edilir.
"Gölün uşaqları" Əlimuradinin ekoloji mövzuları işıqlandıran bir neçə əsərindən biridir. Filmin əsas diqqət mərkəzində olan Urmiyə gölündə davamlı ekoloji böhran, gölün qurumasının ətraf kəndlərə, xüsusən də bu icmalarda yaşayan uşaqlara təsirləri göstərilir. Vizual olaraq güclü və təsirli şəkildə təqdim olunan hekayə quruyan gölün ekosistem və insan həyatı üzərində dağıdıcı nəticələrinə diqqət çəkir.
Məhəmməd Əlimuradi uzun illər ərzində İran Azərbaycanının ekosistemində, xüsusilə də Urmiyə gölü ətrafında baş verən ekoloji problemləri sənədli filmləri vasitəsilə geniş auditoriyaya çatdırmağı bacaran rejissorlardan biri kimi tanınır. O, əsasən ictimai, mədəni və ətraf mühit mövzularında qısametrajlı sənədli filmlərin müəllifidir. Əlimuradi "Gölün Uşaqları" sənədli filminin bəzi görüntülərini Urmiyə gölünün yaxınlığında yerləşən Ziynətli kəndində lentə alıb. O, bu film vasitəsilə bölgədəki ekoloji faciənin yerli əhalinin həyatına göstərdiyi təsirləri ekrana gətirir.
SEE ALSO: Rejissor Məhəmməd Əlimuradi Urmiyə gölü haqda “Gölün uşaqları” adlı sənədli film çəkibGüneyli rejissorun filmləri həm yerli, həm də beynəlxalq səviyyədə bu mövzulara dair maarifləndirməyə töhfə verir.
Vaasa Beynəlxalq Təbiət Filmləri Festivalı iki ildən bir Finlandiyanın Vaasa şəhərində keçirilir və dünyanın təbiət, ekoloji problemlər və təbiətin qorunması mövzusunda çəkilmiş filmlərin nümayiş etdirildiyi ən tanınmış festivallarından biri sayılır. 2002-ci ildə əsası qoyulmuş bu festival ekoloji məsələlərə diqqət ayıran yaradıcılar üçün önəmli bir platformadır.