İran Azərbaycanında tanınmış rejissor Məhəmməd Əlimuradi Urmiyə gölündə yaşanan ekoloji faciə və bunun bölgə əhalisinin sağlamlığına təsirlərindən bəhs edən “Gölün Uşaqları” adlı sənədli film çəkib.
Türkiyənin Anadolu dövlət agentliyinə müsahibə verən Məhəmməd Əlimuradi yeni filmi üçün Urmiyə gölü ətrafındakı Ziynətli, Ağgünbəd, Kuxarlı və Gəmiçi kimi kəndlərdə ekoloji fəlakət nəticəsində sağlıq problemi yaşayan əhali ilə görüşüb, danışdığını bildirib. O, gölün ətrafında yaşayan kəndlərdə tənəffüs, mədə-bağırsaq, xərçəng və başqa xəstəliklərdən əziyyət çəkən insanlarla söhbət edib.
“İlk görüntüləri təqribən 10 il əvvəl Ziynətli kəndində çəkdim. Ziynətli üç tərəfdən Urmiyə gölünün əhatəsindədir. Bu səbəblə qurumanın təsirlərini görən ilk bölgələrdən olub. O vaxtlar, kəndlilərdən bəziləri bu faciənin işsizlik, mühacirət, əkinçilik və gündəlik həyatlarına göstərdiyi təsirlərdən danışmışdılar. Mən bu görüntülərin bir hissəsindən Əkizlər filmində istifadə etmişdim,” rejissor söyləyib.
Əlimuradi sonrakı illərdə Ziynətli kəndinə getdiyində daha əvvəl danışdığı bəzi kəndlilərin xərçəng xəstəliyindən öldüyünü öyrəndiyini bildirib.
Məhəmməd Əlimuradi ictimai, mədəni və ətraf-mühit məsələləri üzrə sənədli filmlər çəkir. Onun “Əkizlər” filmi keçən il İstanbulda keçirilən Qorqut Ata Türk Dünyası Film Festivalının sənədli filmlər kateqoriyasında birinciliyə layiq görülüb. Festivalın veb səhifəsində dərc edilən məlumata görə, “Əkizlər”filimində hazırda qurumaqda olan Urmiyə gölü ilə sovetlər zamanında Qazaxıstan və Özbəkistan arasındakı qurumağa başlayan Aral gölünün taleləri kəsişir.”
İran Azərbaycanının bir çox bölgəsində əhali bir neçə ildir Urmiyə gölündən gələn toz dumanlarından əziyyət çəkir. İran mətbuatına danışan ekspertlər göl sahəsi kiçildikcə duz fırtınası təhlükəsinin artacağını bildirirlər.
Universitet profesoru və İran ətraf mühit mühafizəsi təşkilatının keçmiş başqan muavini İsmail Kəhromun sözlərinə görə, Urmiyə gölü qurusa, altı ilə səkkiz şəhərin duz qatları altında qalaraq bütünlüklə məhv olacağı təxmin edilir.