İnsan Hüquqları Evi Fondu (HRHF) BMT İnsan Hüquqları Şurasının 57-ci sessiyasında Azərbaycanda həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədlinin azad edilməsinə və təqiblərə son qoyulmasına çağırıb.
BMT Baş katibinin insan hüquqları üzrə köməkçisi İlze Brand Kehrisin iştirakı ilə keçirilən müzakirələrdə çıxış edən HRHF nümayəndəsi Metyu Cons qeyd edib ki, Anar Məmmədli legitim insan hüquqları fəaliyyətinə görə əsassız həbsə qalıb.
“Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda Anar Məmmədlinin həbsi bu mühüm qlobal tədbirdə iştirak edən həm yerli, həm də beynəlxalq vətəndaş cəmiyyəti subyektlərinin təhlükəsizliyi ilə bağlı narahatlıq doğurur”, Metyu Cons deyib.
Aprelin 29-da mülki geyimli polislər tərəfindən saxlanılan Anar Məmmədli barəsində növbəti gün məhkəmə “qaçaqmalçılıq” ittihamı ilə həbs qətimkan tədbiri seçib. O, ittihamı qondarma adlandırıb.
Seçki hüququ və seçkilərin müşahidəsi üzrə tanınmış ekspert olan Anar Məmmədli həmçinin bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə təsis edilən COP29 - Ədalət Mühiti Təşəbbüsünün (COP29 - Cimate of Justice Initiative) təsisçilərindəndir.
Bugünədək çoxsaylı beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini Anar Məmmədlini və ədalətsiz yerə həbs edilən hər kəsi azad etməyə çağırıb.
Azərbaycanda repressiyalara işıq tutmaq üçün başladılan Anar Məmmədli Kampaniyası çərçivəsində HRHF da daxil olmaqla 10-dan artıq tanınmış beynəlxalq hüquq müdafiə təşkilatı sentyabrın 25-də Avropa Şurası Parlament Assambleyasını (AŞPA) Azərbaycanda davam edən repressiyalara cavab olaraq qəti addımlar atmağa çağırıb.
AŞPA-nın gələn həftə baş tutacaq payız sessiyasında “Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiyanın vəziyyətinin pisləşməsi” mövzusunda müzakirələrin keçirilməsi gözlənilir.