Azərbaycanda penitensiar xidmət təcridxanada işgəncə ilə bağlı məlumata münasibət bildirib

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan məhbus Bəkirova Məleykə Roman qızının sentyabrın 23-də telefonla danışmaq istəyərkən təcridxananın rejim rəisi Ədalət Qurbanov tərəfindən döyüldüyü bildirilir.

Bu barədə “Abzas Media” internet nəşri təcridxanadakı mənbələrə istinadən yazıb.

"Ədalət Qurbanov 35-ci kamerada saxlanılan Məleykə Bəkirovanı oradan çıxararaq, qanunsuz yaradılmış cəza kamerasına aparıb və üzərinə hücum çəkərək döyüb. Boğazından tutaraq onu boğub və sonra hər iki yanağına şillə vurub. İtələyərək kameradakı çarpayının üzərinə yıxıb. Məleykə Bəkirovanın üzündə və sinəsində Ədalət Qurbanovun əl izləri var", “Abzas Media” nəşri adını açıqlamadığı mənbəsinə istinadən bildirib.

Bununla yanaşı, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Amerikanın Səsinə məlumatı təkzib edib.

“Bakı istintaq təcridxanasında saxlanılan Bəkirova Məleykə Roman qızı ilə bağlı iddia edilən hal baş verməyib, saxlanıldığı təcridxanada cərimə otağına keçirilməyib, qeyd edilənlər həqiqəti əks etdirmir. Məleykə Bəkirovaya qarşı məhkum və həbs edilmiş şəxslər, eləcə də işçi heyət tərəfindən qanunsuz hərəkətlərə yol verilməyib, hüquqları təmin edilir və qanuni mənafeləri qorunur”, Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib.

Bununla yanaşı, Amerikanın Səsi Məleykə Bəkirovanın yaxınları və ailə üzvləri ilə əlaqə yarada bilməyib.

İyulun 31-də “Abazas Media” nəşrinin həbsdə olan direktoru Ülvi Həsənli də 1 saylı Bakı İstintaq Təcridxanasında işgəncə faktları və işgəncəni həyata keçirən şəxslərdən bəhs edildiyi bildirilən “Məhbusları çarmıxa çəkib döyür, dəhlizlərdəki "reşotka"lardan asırlar“ adlı məqaləsini dərc edib. Məqalədə bu təcridxanada çoxsaylı işgəncə faktlarının olduğu bildirilir.

Öz növbəsində Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda Ülvi Həsənlinin yazdıqları işgəncə faktlarını inkar edib.