Bəhai dininə mənsub olan vətəndaş Əzəm Azmudə girov müqabilində müvəqqəti olaraq azadlığa buraxılıb.
HRA xəbər agentliyi Əzəm Azmudənin sentyabrın 24-nə keçən gecə zaminə buraxıldığını bildirib.
Azmudə, sentyabrın 16-da Təbrizdə bir neçə bəhai dininə mənsub şəxslə eyni vaxtda həbs edilmişdi. Təhlükəsizlik qüvvələrinin onun şəxsi əşyalarının bir qismini də ələ keçirərək özləri ilə apardıqları bildirilmişdi. Təxminən bir həftə təhlükəsizlik qüvvələrinin nəzarəti altında saxlandıqdan sonra sərbəst buraxılıb.
Hazırda Təbrizdə təhlükəsizlik qüvvələrinin bəhai vətəndaşları nəyə görə həbs etdiyi və onlara qarşı hansı ittihamların irəli sürüldüyü barədə hər hansı məlumat yoxdur.
Sentyabrın 16-da həbs edilən və harada saxlanıldığı hələ bəlli olmayan digər bəhai vətəndaşlar arasında Sina Əqdəsi və İrəc Norəstənin də adları çəkilir. Onlara qarşı irəli sürülən ittihamlar da hələlik məlum deyil.
Bəhai icması İran İslam İnqilabından bəri illərdir ki, insan haqları pozuntularına məruz qalır. Rəsmi Tehran bəhai dinini rəsmi dinlərdən biri kimi tanımır və bu inancın davamçılarına qarşı genişmiqyaslı ayrı-seçkilik həyata keçirir. Bəhai vətəndaşlar iş yerlərində təzyiqlərlə üzləşir, təhsil hüquqlarından məhrum edilir və dini ayinlərini yerinə yetirməkdə ciddi məhdudiyyətlərlə qarşılaşırlar.