Sentyabrın 23-də Bakıda Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, söhbət zamanı qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında konfidensial fikir mübadiləsi aparılıb.
Fələstin-İsrail münaqişəsi zonasında və Livanın cənubunda hərbi-siyasi vəziyyətin inkişafı vurğulanmaqla Yaxın Şərqə xüsusi diqqət yetirildiyi bildirilir.
Bununla yanaşı, Moskva və Bakının həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxalq platformalarda sıx xarici siyasət koordinasiyasını davam etdirməsi barədə danışılıb.
Rəsmi Bakı isə görüş barədə hələlik açıqlama yaymayıb.
Ötən ay Rusiya prezidenti Vladimir Putin Azərbaycanda səfərdə olub. Putinin səfəri Ukrayna silahlı qüvvələrinin Rusiya ərazisində misli görünməmiş hərbi əməliyyatlar apardığı vaxta təsadüf edib.
Rəsmi Bakının Moskva ilə tərəfdaşlıq münasibətləri var. Eyni zamanda Azərbaycan Qərb ölkələri üçün əsas enerji təchizatçılarından biridir.
Putinin Azərbaycana bundan öncəki səfəri 2018-ci ilin sentyabrında baş tutub.
2023-cü ilin martından bəri Putinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi mövcuddur. Orderə səbəb ukraynalı uşaqların Rusiya ərazilərinə məcburi deportasiyasıdır ki, Kreml bu ittihamı rədd edir.
Həbs təhlükəsi Putinin xaricə səfərlərini məhdudlaşdırsa da, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsini bərqərar edən Roma Əsasnaməsi müqaviləsini imzalamayıb.