Accessibility links

Rusiya və Azərbaycan prezidentləri Cənubi Qafqaz regionunda vəziyyəti müzakirə edib


İlham Əliyev və Vladimir Putin (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
İlham Əliyev və Vladimir Putin (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

Avqustun 28-də Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Azərbaycan Prezidentinin Administrasiyasının məlumatına görə, dövlət başçıları Prezident Vladimir Putinin Azərbaycana dövlət səfərinin nəticələrindən məmnunluqlarını ifadə edib.

“Prezidentlər səfər çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində aparılan fəaliyyətin Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq və strateji müttəfiqlik münasibətlərinin daha da güclənməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər. Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda vəziyyət müzakirə olunub. Vladimir Putin Rusiyanın Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazır olduğunu deyib. Telefon danışığı zamanı Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb”, Azərbaycan Prezidentinin Administraslyası qeyd edib.

Rusiya Prezidentinin rəsmi internet səhifəsində yayılan məlumatda da Rusiya Prezidentinin Bakıya son səfəri zanmanı danışıqlarda əldə olunmuş razılaşmaların ardıcıl surətdə həyata keçirilməsinin Rusiya-Azərbaycan müttəfiqlik və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə töhfə verəcəyi vurğulanıb.

“Telefon danışığı zamanı Cənubi Qafqazda mövcud vəziyyətin müxtəlif aspektləri, o cümlədən Azərbaycan-Ermənistan sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası və demarkasiyası və iki dövlət arasında nəqliyyat əlaqələrinin açılmasına dair müzakirələr davam etdirilib. Bununla əlaqədar, Rusiya tərəfi müvafiq qarşılıqlı məqbul həllərin işlənib hazırlanmasında Bakıya və Yerevana hər cür yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib”, məlumatda qeyd edilir.

Xatırladaq ki, Vladimir Putin avqustun 18-19-da Azərbaycanda dövlət səfərində olub. Bundan sonra o Bakıda Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı apardığı danışıqların yekunu olaraq Ermənistan Baş naziri Nikol Paşinyanla avqustun 23-də telefon danışı zamanı müzakirələr aparıb.

Forum

XS
SM
MD
LG