Tehranın Evin həbsxanasında saxlanılan sənətkar və siyasi fəal Murtəza Pərvin məhkəmə qərarı olmadan təqribən 230 gündür həbsdədir.
Amerikanın Səsinin fəalın yaxınlardan əldə etdiyi məlumata görə, keçən bir neçə ay ərzində dəfələrlə hakim qarşısına çıxarılan fəalın son məhkəmə iclası təqribən iki həftə əvvəl keçirilib.
Pərvin fevral ayının 5-7-si tarixlərində İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınan 30-a yaxın türk fəaldan biridir. Fəalların işinə siyasi fəallar və jurnalistlərə qarşı ağır cəzalar çıxarması ilə tanınan hakim Əbülqasım Salavati baxır.
Sözügedən fəalların çoxu bir müddət nəzarətdən sonra mülki zəmanət qarşılığında sərbəst buraxılıblar. Ancaq, bəzilərinin, o cümlədən Murtəza Pərvin, Tahir Nəqəvi, Əbdüləziz Əzimi Qədim, Ayaz Seyfxah, Hüseyn Piri və Kərəm Mərdanənin həbsi hələ davam edir.
SEE ALSO: Tehranda türk fəalların məhkəmə prosesi davam edirHüquq müdafiəçiləri həbsi davam edən digər fəalların vəziyyətinin də Murtəza Pərvin kimi qeyri-müəyyən olduğunu qeyd edirlər. Məhkəmə qərarı olmadan saxlanılan fəalların mülki zəmanətlə müvəqqəti azadlıq tələbləri də rədd edilib.
“Nizama qarşı təbliğat” və “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq” kimi ittihamlarla üzləşən fəallar keçən aylarda bir neçə dəfə hakim qarşısına çıxarılıblar. Ancaq hazırda müvəqqəti azadlıqda olan Səid Minayinin bildirdiyinə görə, onlara məhkəmə iclaslarında özlərini şifahi olaraq müdafiəyə icazə verilməyib.