İranın Şərqi Azərbaycan vilayətində torpaqların çökməsi ciddi böhran səviyyəsinə çatıb.
Fars xəbər agentliyinin məlumatına görə, Şərqi Azərbaycan regional su şirkətinin mühafizə və istismar üzrə direktor müavini Hamid Rəisi bildirib ki, Mərənd şəhərində torpağın çökmə dərinliyi 19 sm-ə çatıb.
Statistikaya əsasən, İlxçi şəhərində 12,2 sm, Şəbistərdə isə 10,8 sm torpaq çökməsi qeydə alınıb. Digər bölgələrdən Vərziqan 7,1 sm, Tufarqan (Azərşəhr) 6,8 sm, Təsuc 6,6 sm və Əhər 3,5 sm çökmə dərinliyi ilə qarşılaşıb.
Rəisinin bildirdiyinə görə, yeraltı suların səviyyəsində balansın pozulmasının artması kənd təsərrüfatı üçün istifadəyə verilən həddindən artıq sayda quyuların qazılması ilə bağlıdır. Qanuni olaraq qazılmasıza icazə verilən quyulardan əlavə, icazəsiz quyuların istifadəyə verilməsi kənd təsərrüfatı məqsədilə su ehtiyatlarının həddindən artıq istismarına yol açır.
Bununla yanaşı, köhnə suvarma üsulları su israfını artırır və bu, su ehtiyatlarının sürətlə azalmasına səbəb olur. Rəisi su ehtiyatlarının düzgün idarəçilik modelinin tətbiq edilməsini vurğulayaraq deyib ki, "müasir suvarma sistemləri tətbiq edilməli və qanunsuz qazılan quyuların istifadəsinin qarşısı alınmalıdır. Əks halda, bu, infrastrukturun məhvi, kənd təsərrüfatının geriləməsi və gələcəkdə kütləvi miqrasiyaya səbəb ola bilər."
Yer çökməsinin əsas səbəbi kimi köhnə əkinçilik metodları və qeyri-effektiv suvarma sistemləri göstərilir. Yeraltı su ehtiyatlarının həddindən artıq istismarı torpaq strukturlarını zəiflədir, eroziyaya səbəb olur və yeraltı boşluqlar yaradır. Bu vəziyyət bölgədə geniş miqyasda torpaq çökmələrinə gətirib çıxarır.
SEE ALSO: Urmiyə gölü İran hökumətinin kənd təsərrüfatı siyasətinin qurbanıdırmı?Su ehtiyatlarının əkinçilikdə köhnə üsullarla istifadəsi onların həddindən artıq istismarına və müxtəlif ekoloji problemlərə yol açır. Qərbi Azərbaycanda Urmiyə gölünün quruması köhnə əkinçilik metodlarının mənfi təsirlərinin aydın şəkildə nümayişi hesab edilir.
Müasir suvarma texnologiyalarının tətbiqi və əkinçilik metodlarının təkmilləşdirilməsi bu ekoloji problemlərin həllinə əhəmiyyətli töhfə verə bilər. Bununla belə, bu sahədə hökumət tərəfindən görülən tədbirlərin yetərsiz olduğu müşahidə edilir.