ABŞ-Azərbaycan təhlükəsizlik əməkdaşlığı müzakirə edilib

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Bakıda Şəhidlər Xiyabanını ziyarət edir (Mənbə: ABŞ səfirliyi)

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Haciyevlə görüşüb.

ABŞ səfirliyi X platformasında bildirib ki, görüşdə ABŞ-Azərbaycan münasibətləri və təhlükəsizlik əməkdaşlığı müzakirə edilib.

Məlumatda müzakirə edilən məsələlər barədə detallı məlumat verilmir.

Rəsmi Bakı isə görüşlə bağlı hələ məlumat yaymayıb.

ABŞ səfirliyinin bundan öncə, sentyabrın 6-da yaydığı məlumata görə, Patrik Prior ABŞ-Azərbaycan təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi yolları ilə bağlı danışıqlar aparmaq üçün Bakıya səfər edib.

“ABŞ-Azərbaycan təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi yolları ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparmaq üçün Bakıda səfərdə olan ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri cənab Patrik Prioru salamlamaqdan məmnunuq”, ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bildirib.