Şərqi Azərbaycan vilayətinin sakini yazar və siyasi fəal Səid Minayinin növbəti məhkəmə iclası Tehran İnqilab Məhkəməsində keçiriləcək. Tehranda Minayi və bir neçə digər türk fəalın işinə məşhur hakim Əbülqasım Salavati baxır.
Səid Minayi bu barədə öz Instagram səhifəsində məlumat yayıb. Elektron çağırışın surətini paylaşan siyasi fəal məhkəmə prosesi ilə bağlı keçən aylarda dəfələrlə Şərqi Azərbaycandan Tehrana getməyə məcbur olduğunu bildirib.
Fevral ayının ilk həftəsində İran Azərbaycanında nəzarət altına alınan siyasi fəal təqribən 5 həftə Tehranın Evin həbsxanasında saxlanıldıqdan sonra mülki zəmanətlə sərbəst buraxılıb.
Siyasi fəal Instagram səhifəsində yazıb ki, “məhkəməniz ictimaiyyətə açıq deyil. Bizə sözlü olaraq müdafiə fürsəti vermirsiniz. O zaman bu çağırışlar və bizi şəhərimizdən Tehrana qədər yolların əsiri etmək nə üçündür? Şərqi Azərbaycan vilayətinin İnqilab Məhkəməsi yoxmu ki, bizim işi Tehrana və hakim Salavatiyə göndərmişsiniz?”
SEE ALSO: Tehran həbsxanasında mühakiməsiz saxlanılan vəkil Tahir Nəqəvinin həbsindən 170 gün keçirMinayi ilə birlikdə keçən fevral ayında onunla eyni günlərdə nəzarət altına alınmış bəzi digər fəallara da çağırış göndərildiyi təxmin edilir.
O, fevral ayının 5-7-si tarixlərində İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınan 30-a yaxın türk fəallardan biri olub. Onların bir çoxu müvəqqəti azadlığa buraxılıb, ancaq bəzilərinin həbsi davam edir.
Sözügedən fəalların işinə Tehran İnqilab Məhkəməsi 15-ci şöbəsinin hakimi Əbülqasım Salavati baxır. Onlara qarşı “nizama qarşı təbliğat” və “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq” kimi ittihamlar irəli sürülüb.
Minayi keçmişdə də sosial şəbəkələrdə məqalə və video formasında paylaşdığı tənqidi şərhləri ilə əlaqədar təhlükəsizlik qüvvələrinin təhdid və təzyiqlərinə məruz qalıb.