Sentyabrın 4-də İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson həbsdə olan ictimai fəal, I qrup əlil Famil Xəlilovun ailə üzvlərini qəbul edib. Görüşdə hüquq müdafiəçisi Rüfət Səfərov da iştirak edib.
“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, görüşdə həmçinin Latviyanın, Estoniyanın Azərbaycandakı səfirliklərinin diplomatları iştirak edib. Görüş İsveçin hüquq-müdafiə təşkilatının təşəbbüsü ilə təşkil edilib.
“Qeyd edim ki, Famil Xəlilov ailəsi ilə birlikdə İçveçdən deport olunub və Bakıda şərlənərək həbs edilib. Hazırda Famil Xəlilov aclıq aksiyasını davam etdirir. O, 22 gündür ki, qida qəbul etmir”, hüquq müdafiəçisi qeyd edib.
Onun sözlərinə görə, İsveç səfiri hüquq müdafiəçisindən Famil Xəlilovun azadlığa buraxılması üçün hökumətinin nə etməli olduğunu sual edib.
"Mən onların diqqətinə çatdırdım ki, İsveç hökuməti Azərbaycan hökuməti ilə ünsiyyət yaratmalı və Famil Xəlilovun durumunun ağır və faciəli olduğunu diqqətə çatdırmalıdır. Görüş zamanı təsadüfən Famil Xəlilovun özü həbsxanadan həyat yoldaşına telefonla zəng etdi. O, İsveç hökumətinin onun azadlığı üçün mümkün hərəkətləri edəcəyinə inandığını bildirdi", Səfərov Amerikanın Səsinə deyib.
Famil Xəlilov əvvəllər həyatı ilə bağlı təhlükə hiss etdiyindən 2015-ci ildə İsveçə mühacirət etməyə məcbur olduğunu bildirib, 8 ilə yaxın həyat yoldaşı və uşaqları ilə orada yaşayıb və 2023-cü ildə Azərbaycana readmissiya olunub.
Bu il mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.
Fəalın həyat yoldaşı Kiçikxanım Xəlilova bildirib ki, Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.
Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.
Avqustun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Xəlilovun cinayət işi işi üzrə hazırlıq iclası başlayıb. Məhkəmə iclası bu gün, sentyabrın 5-də davam etdiriləcək.
Məhkəmədə qolları serebral iflic olan Famil Xəlilov əlləri parça ilə arxadan bağlı şəkildə iştirak edir. Çünki, onun qolları o qədər bərk əsir ki, ayaq üstə müvazinətini saxlaya bilmir.