Accessibility links

İctimai fəal Famil Xəlilovun məhkəməsi başlayıb


Famil Xəlilov
Famil Xəlilov

Avqustun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə ictimai fəal, I qrup əlil Famil Xəlilovun cinayət işi işlə bağlı hazırlıq iclası olub. Məhkəmə baxışı sentyabrın 5-nə təyin edilib.

Məhkəmədə qolları serebral iflic olan Famil Xəlilov əlləri parça ilə arxadan bağlı şəkildə iştirak edib. Çünki, onun qolları o qədər bərk əsir ki, ayaq üstə müvazinətini saxlaya bilmir. Xəlilov 15 gündür “qanunsuz həbsinə” etiraz edərək aclıq edir. Səsi zəifləsə də, məhkəmədə özünü müdafiə edib.

“Mənə qarşı irəli sürülən ittiham böhtandır. Mən müttəhim deyiləm, məni şərləyiblər”, o qeyd edib.

Məhkəməyə giriş
Məhkəməyə giriş

Xəlilov həmçinin “qanunsuz həbsinə” etiraz olaraq aclıq etdiyini deyib. Eyni zamanda aclığının digər səbəbini qolları iflic olduğundan sanitar qovşaqdan istifadə edə bilməməsi ilə izah edib.

“Mən həm də qidadan ona görə imtina etmişəm ki, sosial işçi ayırmayıblar. Qidadan istifadə etsəm məni kim sanitar qovşağa aparacaq?” o sual edib.

Bu arada hakim Famil Xəlilovun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə müdafiə tərəfinin vəsatətini təmin etməyib.

Sədrlik edən hakim həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməməsini Xəlilovun məhkəmə istintaqına təsir edə biləcəyi ilə izah edib.

“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Famil Xəlilova qarşı münasibəti “repressiv” kimi qiymətləndirib.

“Familin həbsi ifadəı azadlığının məhdudlaşırılması kontekstində baş verib. Onun ayrı-ayrı sosial şəbəkələrdə hökumətin siyasətini tənqidi şərlənərək qanunsuz həbsinə səbəb olub. Famil Xəlilovun özü də bu barədə məhkəmədə bildirdi”, o Amerikanın Səsinə deyib.

Hüquq müdafiəçisi hesab edir ki, birinci qrup əlil, qolları serebral iflic olan şəxsin belə şərlənməsi və qanusuz həbsi əslində hakimiyyətin cəmiyyətə bir mesajıdır.

“Bununla hakimiyət cəmiyyətə mesaj verir ki, baxın, bizim siyasətə qarşı çıxan istənilən şəxs, hətta əlil, şikəst adam belə güşəştə layiq deyil. O da cəmiyyətdən təcrid olunacaq”.

Rüfət Səfərov
Rüfət Səfərov

Hüquq müdafiəçisnin fikrincə, Famil Xəlilovun hazırkı aqibəti ötən əsrin 30-cu illərində Avropanın sərt idarəetmələrinin iş metodunu, qırmızı imperiyanın (SSRİ) iş təcrübəsini xatırladır.

"Famil Xəlilov çıxışında hətta söylədi ki, o dövrlərdə də belə amansız münasibət olmayıb. Azərbaycan hakimiyyəti hazırda daha zorakıdır. Bu hal Azərbaycan hüquq sistemi, güc strukturları üçün qara hərflərlə tarixə həkk olunacaq bir təcrübədir. Mən Azərbaycan hakimiyyətini çağırıram ki, Famil Xəlilov barəsində qanunsuz həbs təqibini həyata keçirən Daxili İşlər Nazirliyi, onun rəhərliyi heç olmasa məhkəmə istintaqı dövründə Xəlilov barəsində ev dustaqlığı imkan tədbiri seçilməsinə imkan versin. Bu gün təəssüf ki, prokuror müdafiə tərəfinin vəsatəti ilə razılaşmadı. Məhkəmə isə vəsatəti təmin etmədi”, o qeyd edib.

1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində saxlanılan ictimai fəal, I qrup əlil Famil Xəlilov 15 gündür aclığı davam etdirir. O, 20 kiloqramdan çox çəki itirib (təcridxanaya daxil olanda çəkisi 116 kiloqram olub). Famil Xəlilov hazırda su və ağırkəsici dərmanlar qəbul edir.

Kiçikxanım Xəlilova
Kiçikxanım Xəlilova

Mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.

Fəalın həyat yoldaşı Kiçikxanım Xəlilova bildirir ki, Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.

Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

XS
SM
MD
LG