Amnesty International gənc alim , siyasi tədqiqatçı Bəhruz Səmədovun və digər hökümət tənqidçilərini azad etməyə çağırıb.
“Hökumət tənqidçilərini hədəf alan həyəcanverici yeni həbslər və həbslər diqqətdən kənarda qalmamalıdır. Beynəlxalq ictimaiyyət bunu ən sərt şəkildə pisləməlidir. Son iki həftə ərzində seçki kampaniyası zamanı iki tanınmış sima saxta ittihamlarla saxlanılıb, digərləri təhdid və təzyiqlərə məruz qalıb”,Amnesty İnternational-ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalia Nozadze Azərbaycanda bazar günü başa çatan növbədənkənar parlament seçkiləri kampaniyası zamanı jurnalistlərin və fəalların son həbslərinə barədə deyib.
“Jurnalistlərin və fəalların hədəfə alınması müxalif fikirləri susdurmaq və ifadə azadlığını, xüsusən də Ermənistanla sülhün tərəfdarı olanları boğmaq cəhdindən başqa bir şey deyil. Azərbaycan bu ilin noyabrında COP29-a ev sahibliyi etməyə hazırlaşarkən, dünya liderlərinin hökuməti davam edən insan haqları pozuntularına görə cavabdehləşdirməsi vacibdir. Biz sırf insan hüquqlarını həyata keçirdiklərinə görə həbs edilənlərin hamısını dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq. Azərbaycan da bu yaxınlarda imzalanmış COP29 Ev Sazişini dərhal dərc etməlidir”, o qeyd edib.
Avqustun 21-də saxlanılan və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən siyasi tədqiqatçı, Karlov Universitetinin doktorantı Bəhruz Səmədov dövlətə xəyanətdə ittiham olunur.
Bəhruz Səmədov avqustun 27-də Bakı Apellyasiya Məhkəməsində barəsindəki həbs qətimkan tədbiri qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasında çıxış edərək ona qarşı irəli sürülən ittihamı rədd edib və təqsirsiz olduğunu bildirib.
“Bəhruz Səmədov məhkəmədə bildirdi ki, o, tamamilə təqsirsizdir, dövlətə xəyanətdən söhbət gedə bilməz. O, ancaq sülh tərəfdarıdır, müharibələrin və insan itkilərinin əleyhinə olub”, Səmədovun vəkili Zibeydə Sadıqova bildirib.
Apellyasiya Məhkəməsi vəsatəti təmin etməyib və gənc alimi həbsdə saxlayıb.
Bəhruz Səmədov son bir il ərzində Azərbaycanda həbs edilən beşinci elm adamıdır. Bundan əvvəl iqtisadçı alim Qubad İbadoğlu, iqtisadçılar Fazil Qasımov və Fərid Mehralızadə, tədqiqatçı İqbal Əbilov müxtəlif ittihamlarla həbs edilib.
Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları həbslərin siyasi motivli olduğunu, tənqidi səslərin susdurulmasına hesablandığını vurğulayır.
Ötən həftə ərzində ABŞ Dövlət Departamenti və Avropa İttifaqı Bəhruz Səmədovun, habelə jurnalistlərin, fəalların və hüquq müdafiəçilərinin həbsini narahatlıqla izlədiklərini qeyd edib və Azərbaycan hakimiyyətini fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısını azad etməyə çağırıblar.
Rəsmi Bakı isə bu cür çağırışları rədd edərək, qərəzli hesab edir, cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu vurğulayır.
“Dövlətə xəyanət, müəyyən fəaliyyətlərin qeyri-qanuni maliyyələşdirilməsi, qanunsuz maliyyə əməliyyatları və s. kimi bir sıra cinayət araşdırmaları ilə əlaqədar saxlanılan şəxslərin məsələsi müvafiq cinayət-prosessual qanunverciliyin tələbləri çərçivəsində həyata keçirilir və proses tam şəffafdır”, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə avqustun 25-də Aİ-nin bəyanatına münasibət bildirərkən deyib.