1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində saxlanılan ictimai fəal, I qrup əlil Famil Xəlilov 12 gündür aclığı davam etdirir. O, “qanunsuz həbsinə” etraz edir.
Bu barədə vəkil Bəhruz Bayramov avqustun 26-da Xəlilovla görüşündən sonra Amerikanın Səsinə bildirib.
“Qolları iflic olan Famil Xəlillova qulluq etmək üçün artıq bir nəfər sosial işçi ayırıblar. O, 20 kiloqramdan çox çəki itirib (təcridxanaya daxil olanda çəkisi 116 kiloqram olub). Famil Xəlilov hazırda su və ağırkəsici dərmanlar qəbul edir. Həkimlər qida qəbul etmədən ağrıkəsici dərmanların qəbul edilməsinin ciddi fəsadlarının olacağını bildirir”, vəkil qeyd edib.
Famil Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova avqustun 26-da onunla görüşdən sonra Amerikanın Səsinə bildirib ki, ailəsinin yalvarışlarına baxmayaraq Famil aclığı dayandırmayacağını bildirib.
“Bu gün onun üçün duru yemək də aparmışdım. Lakin yeməkdən qəti olaraq imtina etdi. Yalvarışıma baxmayaraq aclığı sonadək davam etdirəcəyini bildirdi”, o qeyd edib.
Penitensiar Xidmət Amerikanın Səsinin Famil Xəlilovla bağlı sorğusuna hələ cavab verməyib.
Mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.
Fəalın həyat yoldaşı Kiçikxanım Xəlilova bildirir ki, Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.
Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.
Avqustun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Famil Xəlilova qarşı cinayət işi üzrə hazırlıq iclası başlayacaq.