Accessibility links

Həbsdə olan birinci qrup əlil 6 gündür aclıq edir


Famil Xəlilov
Famil Xəlilov

1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində saxlanılan ictimai fəal, I qrup əlil Famil Xəlilov 6 gündür aclığı davam etdirir. O, “qanunsuz həbsinə” etraz edir.

Famil Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova onunla görüşdən sonra avqustun 20-də Amerikanın Səsinə bildirib ki, Familin səhəti çox ağırdır.

“Qolları iflic olmasına baxmayaraq sosial işçi ilə təmin olunmayıb. Həkim nəzarəti yoxdur. Otaq yoldaşları da artıq onu sanitar qovşağa aparmırlar. Onları da qınamıram, artıq beziblər. Antisanitariyadan Familin bədəninin hər yerində, hətta qulaqlarının içində belə yaralar yaranıb. Yaralarını da müalicə edən yoxdur. Həftədə iki dəfə özüm gedib onu yuyundururam. Hətta təcridxanaya həftədə iki dəfə getməyə maliyyə vəsaitimiz yoxdur. İnsanların yardımı ilə ailəmi dolandırıram. Üç azyaşlı uşağımızı da dolandırmaq çox çətindir”, o qeyd edib.

Kiçikxanım Xəlilova həyat yoldaşının xeyli çəki itirdiyini və arterial təzyiqinin yüksək olduğunu deyib.

Penitensiar Xidmət Amerikanın Səsinin Famil Xəlilovla bağlı sorğusuna hələ cavab verməyib.

AXCP sədri Əli Kərimli həbsdə aclıq edən Famil Xəlilovun ailəsinə baş çəkərkən (Mənbə: Sosial şəbəkə)
AXCP sədri Əli Kərimli həbsdə aclıq edən Famil Xəlilovun ailəsinə baş çəkərkən (Mənbə: Sosial şəbəkə)

Avqustun 20-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Famil Xəlilovun ailəsinə baş çəkib.

O, Facebook səhifəsində yazıb ki, Famil Xəlilovun azyaşlı uşaqları atalarına görə böyük sarsıntı yaşayırlar.

"Famil bəyi şərləyərək onların gözləri önündə həbs ediblər. Famil bəy 6-cı gündür aclıq edir. Vəziyyəti dözülməzdir. Artıq kamera yoldaşları da ona baxmaqdan imtina edir. Həyat yoldaşı Famil bəyi necə, hansı şəraitdə görübsə, onun vəziyyəti barədə danışanda göz yaşlarını saxlaya bilmir. Azərbaycan hakimiyyəti Famil Xəlilova qarşı bu qəddarlığa, amansızlığa son verməlidir. Xalq olaraq hamımız hakimiyyətdən bu anti-insani zülmü dayandırıb, Famil Xəlilovu azad etməsini tələb etməliyik", AXCP sədri yazıb.

Mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.

Fəalın həyat yoldaşı Kiçikxanım Xəlilova bildirir ki, Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.

Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.

Forum

XS
SM
MD
LG