İran prezidenti Məsud Pezeşkiyan türk dilinin tədrisi, Urmiyə gölü məsələsi və İran Azərbaycanında yerləşən mədənlərin idarəsi ilə bağlı keçmişdə verdiyi sözləri yeniləyib.
Pezeşkiyan şənbə günü jurnalist Rəşid Danişcuyiyə türk dilində verdiyi müsahibədə həmin mövzularla bağlı “haqqın yerinə gətirilməsinin” gərəkli olduğunu ifadə edib.
“Salam ərz edirəm əziz həmvətənlərimizə, Azərbaycanda olan igid adamlara, bacılarımıza, qardaşlarımıza, böyüklərimizə. Allahdan köməklik istəyirəm ki, elə edim ki, onları sandıq başına gəldikləri, bizim arxamızda durub səsimizə səs verdikləri üçün utanmayım,” deyə Məsud Pezeşkian sohbətə başlayıb.
İranın yeni prezidenti deyib ki, “Biz gərək Azərbaycandakı insanların haqqını yerinə gətirək, elə həm öz dilimiz, yəni konstitusiyanın 15-ci maddəsidir. Bu qanundur da. Biz əvvəldən də demişik ki, bizim əhdimiz budur ki, qanuna bağlı olaq. Qanunu icra edək. Siyasətləri düşünək və əməl edək...”
Məsud Pezeşkianın işarə etdiyi İran Konstitusiyasının 15-ci maddəsində qeyri-fars dillərin tədrisinə məhdud şəkildə icazə verilib. Bu maddəyə əsasən “mətbuatda və kütləvi informasiya vasitələrində yerli və etnik dillərin istifadəsi və məktəblərdə ədəbiyyatının tədrisi fars dili ilə yanaşı azaddır.” Buna baxmayaraq, türklər və həmçinin İranda yaşayan digər qeyri-fars icmalar öz ana dillərində təhsil almaq hüququndan məhrumdurlar.
Pezeşkiyan Urmiyə gölünün quruması və İran Azərbaycanında mədənlərin idarəsi ilə bağlı deyib ki, “Urmu gölü ilə əlaqəli bərnamələr (layihələr) ki var, onlar işləyiblər və biz davam edəcəyik. Əlbəttə bir sıra layihələrdir. Zənnimcə, 27 bərnamədir. Onların hamısını gərək icra edək və [gölü] dirildək. Süngün mədəninə gəldikdə, tək Süngün deyil. Məsələn qızıl mədənləri var. Çox mədənlər var orada (Azərbaycanda) ki, gərək yerinə oturdaq. Allahın köməkliyi ilə onları yerinə oturdacayıq.”
SEE ALSO: Şərqi Azərbaycan – “sərvəti başqa bölgələrə gedən zəngin bir vilayət”İran prezidenti bu mövzular və ümumiyyətlə vilayətlərin məsələlərinə tədricən diqqət yetiriləcəyini söyləyib.
“İndi hökümət təzə başlayıb, Allahın köməkliyi ilə. Yavaş-yavaş gedəcəyik vilayətlərə və şəhristanlara və gərək oturaq hər ustandakı işləri həll edək... Allahdan istəyirəm ki, bizi millətin yanında və gələcək nəslin yanında utandırmasın. Allah köməklik eləsin elə bir imkan yaradaq ki, onlar öz ölkəmizdə yaşamaqla iftixar etsinlər,” deyə Məsud Pezeşkiyan dilə gətirib.
SEE ALSO: Musa Aşüftə: Pezeşkianın səslərində başda türk kimliyini, sonra da İranda marginallaştırılmış digər kimlikləri görürükTəbrizin sabiq millət vəkili Məsud Pezeşkian prezident seçkilərində ən çox səsi İran Azərbaycanı başda olmaqla türklər eləcə də, qeyri-fars və qeyri-şiə icmaların yaşadığı vilayətlərdən toplayıb.
Prezident Pezeşkian xüsusilə nazirlər kabinetinin tərkibi müəyyənləşdikdən sonra müxtəlif siyasi qruplar tərəfindən öz vədlərinə yerinə gətirməməkdə tənqid edilir. Pezeşkian kabinetin tərkibini İranın ali dini lideri Seyyid Əli Xameneyinin məsləhətlərinə uyğun olaraq müəyyənləşdirdiyini deyib.