Avqustun 22-də Bakının Xətai Rayon Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin və meclis.info platformasının rəhbəri İmran Əliyevin həbs müddətini daha 3 ay uzadıb.
Xətai Rayon Məhkəməsi həmçinin jurnalist Hafiz Babalının ev dustaqlığına keçirilməsi haqqında vəsatətini təmin etməyib.
Vəkillər Amerikanın Səsinə bildirib ki, həbs müddətinin uzadılması istintaq orqanının müvafiq sorğularına cavabların gözlənilməsi ilə əsaslandırılıb.
Öz növbəsində, müdafiə tərəfi həbsdə saxlanılma üçün zərurətin olmadığını bildirib. Bununla belə, müdafiə tərəfi qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatət qaldırıb. Lakin məhkəmə müdafiə tərəfinin vəsatətini təmin etməyib.
Məmmədli və Əliyev bu ilin aprel ayında "Abzas Media" işi üzrə həbs edilib. Lakin sonradan onların işləri ayrıca icraata ayrılıb. Hər ikisi xarici valyuta qaçaqmalçılığında ittiham olunur. Onlar bu ittihamları təkzib edirlər. Hüquq müdafiəçiləri hər iki fəalı siyasi məhbus kimi tanıyıb.
Jurnalsit Hafiz Babalının vəkili Rəşad Əliyev Amerikanın Səsinə deyib ki, müdafiə tərəfi vəsatəti ibtidai istintaqın başa çatmaq üzrə olması və jurnalisti həbsdə saxlamağın mənasız olması ilə əsaslandırıb.
Digər tərəfdən, Babalının səhhətində ciddi problemlər var, o, gözdən əlildir. Bundan başqa, həbsdən sonra Babalının ayaqlarında venaların varikoz genişlənməsi xəstəliyi kəskinləşib.
Babalı əvvəlki qaçaqmalçılıq ittihamı kimi yeni ağırlaşdırıcı ittihamları da təkzib edib, həbsini peşəkar jurnalist fəaliyyəti və korrupsiya faktlarını araşdırması ilə əlaqələndirib.
Babalı bildirib ki, onun "Abzas Media" ilə əlaqəsi müstəsna olaraq öz araşdırmalarının dərc edilməsi ilə bağlı olub.
Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.
Hafiz Babalı 2023-cü ilin dekabr - 2024-cü ilin yanvar aylarında "Abzas Media işi" üzrə həbs edilən altı jurnalist və mətbuat işçisindən biridir.
Əvvəlcə onların hamısına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittiham irəli sürülüb.
16-19 avqust tarixlərində jurnalistlərə qarşı Cinayət Məcəlləsinin 192.3.2 (qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1 və 193.1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 və 320.2 (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə), həmçinin 213.2.1-ci (vergilərdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ağırlaşdırıcı ittihamlar irəli sürülüb.
Bu ittihamlarla 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Jurnalistlər bütün ittihamları təkzib edib, hakimiyyətin yüksək eşelonlarında korrupsiya faktlarını araşdırdıqlarına görə təqibə məruz qaldıqlarını bildiriblər.
Beynəlxalq KİV-i müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə və müstəqil KİV-ə qarşı təzyiqə son qoymağa çağırıb.
Hüquq müdafiəçiləri "Abzas Media işi" üzrə həbs edilənləri siyasi məhbus kimi tanıyıb.