Azərbaycan BRICS-ə üzv olmaq üçün müraciət edib

BRİCS ölkələri (Mənbə: Sosial şəbəkə)

Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib.

Xatırladaq ki, bu il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamədə Azərbaycan BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.

Həmçinin Rusiya Prezidenti Vladimir Putin avqustun 19-da Azərbaycana dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevi Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində “autriç” formatında görüşə dəvət edib.

BRİCS 2006-cı ilin iyun ayında Sankt Peterburq İqtisadi Forumunda Braziliya, Rusiya, Hindistan və Çin maliyyə nazirlərinin iştirakı ilə təsis edilib. Hazırda BRİCS Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma 2009-cu ildən sonra hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.