Təbriz Ticarət Palatasının Mədən və Metallar Komissiyasının rəhbəri Ümid İsmayıl Zəfər, Şərqi Azərbaycandakı enerji balanssızlığının bölgənin polad sənayesinə ciddi zərər vurduğunu bildirib.
Fars xəbər agentliyinin məlumatına görə, Təbriz Ticarət Palatasının Mədən və Metallar Komissiyasının iclasında Ümid İsmayıl Zəfər, polad sektorunda enerji təchizatı problemlərinin dərinləşdiyini və bu vəziyyətin davam etməsi halında vilayətin ixracatının ciddi çətinliklərlə üzləşəcəyini vurğulayıb.
Onun sözlərinə görə, Şərqi Azərbaycan vilayətində elektrik enerjisi istehlakı 2 meqavatdan çox olan 84 sənaye müəssisəsi mövcuddur ki, onlardan 22-si polad sənayesi ilə bağlıdır. Lakin enerji balansında pozulmalar baş verdikdə, məhz polad istehsal bölmələri elektrik enerjisinin kəsilməsi ilə üzləşir.
Ümid İsmayıl Zəfər həmçinin, ixracatçıların ixrac etdikləri məhsulun xarici valyutasını əldə etmə prosesində də problemlərlə qarşılaşdıqlarını qeyd edib. Onun sözlərinə görə, ixracatçılar valyutalarını əldə etmək üçün “NİMA” sistemindən istifadə etmək məcburiyyətindədirlər, lakin bu sistemdə qeydiyyat prosesi ciddi maneələrlə doludur.
Son illərdə İran enerji istehsalında ciddi problemlərlə üzləşib və bu vəziyyət getdikcə daha da kritikləşir. Şərqi Azərbaycanda polad sənayesində elektrik enerjisinin kəsilməsi, yalnız bu vilayətə xas deyil, ölkənin bir çox bölgələrində də polad sənayesi elektrik enerjisinin kəsilməsi və istehsalın dayandırılması səbəbindən milli səviyyədə böyük itkilərə məruz qalır. Ötən ay Tehran Ticarət Palatasının Enerji Komissiyasının üzvü, elektrik enerjisi və qazın kəsilməsi nəticəsində ölkənin polad sənayesində 3 milyard dollarlıq zərər olduğunu açıqlamışdı.
İranda enerji balanssızlığı son illərdə daha da kəskinləşib. Elektrik stansiyalarının köhnəlməsi və səmərəliliyin azalması bu problemin əsas səbəblərindən biridir.
İSNA xəbər agentliyində dərc olunan məqaləyə görə, ölkədə polad sənayesinin elektrik enerjisinin kəsilməsi, isti mövsümlərdə enerji istehlakının artması, köhnəlmiş elektrik şəbəkəsi və infrastruktur kimi səbəblərlə bağlı olduğu qiymətləndirilir.
SEE ALSO: İranda elektrik enerjisi problemi yaşanırİran rəsmiləri və rəsmi media, son 10 ildə ölkədə yeni enerji istehsal zavodlarının tikintisinə kapitalın yönəldilmədiyini bildirir. Bununla yanaşı, İran hökuməti maliyyə-iqtisadi və büdcə problemləri ilə mübarizə aparır, beynəlxalq sanksiyalar isə ölkənin yeni elektrik stansiyalarının tikintisi üçün qabaqcıl texnologiyalara və xarici investisiyalara çıxışını məhdudlaşdırır.
Beləliklə, İran hökuməti son bir neçə ildə ölkədəki enerji balanssızlığı ilə başa çıxmaq üçün evlərə verilən elektrik enerjisini kəsməmək əvəzinə bəzi sənaye sahələrinin elektrik enerjisini kəsməyə üstünlük verir.
İran hökumətinin evlərin elektrik enerjisini kəsməkdənsə, sənaye müəssisələrinin elektrik enerjisini kəsməyə üstünlük verməsi, ictimai narazılığın artması və potensial xalq etirazlarının qarşısını almaq məqsədi ilə atılan bir addım kimi qiymətləndirilir.
SEE ALSO: Təbriz təmsilçisi Məsud Pezeşkiyan ölkədə yeni etiraz dalğasının başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edibDövlət xəbər agentliyi İRNA iki il əvvəl hökumətin məişət sektorunda elektrik enerjisinin kəsilməsinin aradan qaldırılmasına qərar verdiyi barədə məlumat versə də, son illərdə, xüsusən də cari isti mövsümdə bəzən evlərdə elektrik enerjisinin kəsilməsi də baş verir. Sənaye müəssisələrinin enerjisinin kəsilməsi ilə yanaşı evlərin elektrik enerjisinin də kəsildiyi mövcud vəziyyət, ölkədə enerji probleminin daha ciddi və dərin ola biləcəyi ehtimalını gücləndirir.