Nəsimi Məmmədli: Ələsgər Məmmədlinin nəfəs almasında çətinlik var

Ələsgər Məmmədli- media hüquqları üzrə ekspert

"1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli həkimin müəyyən etdiyi dərmanları qəbul etsə də, son vaxtlar qan təzyiqi normallaşmır. Baş ağrıları da davam edir. Tamamilə qapalı şəraitdə qalmaq onun səhətində xeyli ciddi problem yaradıb. Boğazındakı şiş nəfəs almağına çətinlik yaradır.

Bu barədə Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Ələsgər Məmmədlinin istəyi ilə Ombusman aparatına müraciət olunub.

Nəsimi Məmmədli deyir ki, həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Qanunun 18-ci maddəsinin tələblərinə əsas tutaraq avqustun 8-də müraciət göndərilib.

“Ələsgər bəyin “Asan İmza”sı və şəxsiyyət vəsiqəsi istintaq orqanında olduğuna görə vergi hesabatlarının verilməsində problem var. Ona yeni “Asan İmza” almaq üçün “etibarnamə” lazımdır. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 12.1.21-ci, 15.1.11-ci və 26.2-ci maddələrinin tələblərinə uyğun olaraq həbs edilmiş şəxslərin ailə hüquq münasibətlərində iştirakı və notariusun xidmətlərindən istifadəsi nəzərdə tutulub. Təəssüf ki, istintaq təcridxanasında notariusun xidmətlərindən istifadə edilməsinə nail ola bilmirik”o, qeyd edib.

Bundan əlavə Nəsimi Məmmədli Ələsgər Məmmədlinin ailəsinin maddi büdcəsinin yetərli olmadığını bildirib.

“Ə.Məmmədlinin oğlu hazırda Türkiyədə universitetdə ikinci kursda təhsil alır. Digər övladı isə bu il test imtahanlarında yüksək nəticələr göstərib. İxtisas seçimində ödənişli əsaslara düşmək ehtimalı var. Hər iki tələbənin təhsil haqlarını ödəmək üçün ailənin maddi büdcəsi yetərli deyil. Ailənin yeganə gəlir mənbəyi olan ata-Ələsgər bəy istintaq orqanında təcrid olunub. Odur ki, Ələsgər bəyə məxsus şəxsi avtomobilin satılması zərurəti yaranıb. Avtomobilin satışı və eyni zamanda vergi hesabatlarının verilməsi üçün ailə üzvlərindən birinə “etibarnamə” verilməsi lazımdır”, Nəsimi Məmmədli qeyd edib.

Onun sözlərinə görə, bu həftə ərzində vəkillər Ələsgər Məmmədlinin yenidən “ev dustaqlığı” şikayətini verməyi planlaşdırıldığını qeyd edib.

Penitensiar Xidmət Məmmədlinin səhhəti ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Martın 6-8-də Tolum TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər barədə həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.